Müsavat “Tərtər işi” üzrə işgəncələrin araşdırılmasını tələb edir

Martın 29-da Müsavat Partiyası Divanının video-konfrans rejimində növbəti iclası keçirilib.

İclasda əvvəlcə Müsavat Partiyası Məclisinin son sessiyasının yekunları müzakirə edilib, toplantıda qəbul etdiyi qərarların icrası ilə bağlı məlumat verilib.

Divanın toplantısında “Tərtər işi” üzrə təqsirləndirilən şəxslərə və onların ailə üzvlərinə ağlasığmaz işgəncələrin verilməsi haqda üzə çıxan yeni məlumatlar müzakirə edilib. Müsavat Partiyası Baş Prokurorluqdan bu məlumatların obyektiv araşdırılması, günahkar şəxslərin cəzalanması və ictimaiyyətə məlumat verilməsini tələb edir.

Müsavat Partiyası hakimiyyətdən ölkədə işgəncələrə son qoyulması belə hallara yol verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Divanda qadınlara qarşı şiddət və qeyri-insani rəftar halları barədə yayılan məlumatlar, həmçinin artan intiharlar müzakirə edilib. Vəziyyətdən çıxış yolları barədə təkliflər dinlənilib.

Daha sonra Yuxarı Qarabağda son vəziyyət müzakirə edilib. Müsavat Partiyası Yuxarı Qarabağda separatçı rejimin qondarma qurumları tərəfindən rus dilinin “ikinci dövlət dili” elan olunmasını Azərbaycanın suverinliyinə qarşı qəsd kimi qiymətləndirir. Müsavat Partiyası ümumilikdə Yuxarı Qarabağda separatçı rejimin və Rusiyanın “sülhməramlı missiya” adı altında beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın başı üzərindən həyata keçirdiyi tədbirləri pisləyir, rəsmi Bakıdan buna son qoyulması üçün təsirli tədbirlərin görülməsini tələb edir.

İclasda aprelin 2-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşü haqda məlumat dinlənilib. Qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında diplomatik prosesin Rusiyanın patronajlığı altında həyata keçirilməsi ədalət prinsipinə və Azərbaycanın dövlət maraqlarına ziddir və buna son qoyulmalıdır. Hakimiyyətin son dövrdəki siyasətinin Yuxarı Qarabağın Ermənistana və onun hərbi-strateji müttəfiqi olan Rusiyaya təslim edilməsinə gətirib çıxaracağından narahatlıq ifadə edilib.

İclasda COVİD-19 infeksiyasına yoluxanların sayının yenidən sürətlə artması ilə bağlı yaranan vəziyyət müzakirə olunub. Yoluxanların müalicəsi və infeksiyanın qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsində problemlər haqda məlumat verilib. Bəzi poliklinikalarda peyvənd olunmaq üçün müraciət edən şəxslərin üzləşdiyi problemlər, bəzi regionlarda isə vaksinasiyanın ümumiyyətlə dayandırılması haqqında məlumatların narahatlıq doğurduğu vurğulanıb.

 

Müsavat Divanı azərbaycanlılara qarşı soyqırımın növbəti ildönümü günündə – martın 31-də saat 12:00-da Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

 

Sonda cari məsələlər müzakirə olunub.