Bir tərəfi iflic olan xəstənin təqaüdü kəsilib
Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi insult xəstəsinin təqaüdü ləğv edib
Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayan Vəfa Musayevanın dövlətdən aldığı əliliyə görə təqaüdü beş aydır ki kəsilib.
56 yaşlı qadın 2014-cü ildə insult keçirmiş, bədəninin sol tərəfi iflic olmuşdur. Özünü idarə etməkdə çətinlik çəkməsinə baxmayaraq, Vəfa xanıma dövlət tərəfindən 2-ci qrup əlil kimi əmək pensiyası kəsilir. Halbuki, eyni tip xəstələr 1-ci qrup əlil kimi təqaüd alır. 2020-ciilin noyabr ayından Vəfa xanımın düşdüyü vəziyyətə görə aldığı çox cüzi pensiyası da ləğv edilir.
Lazımi sənədlərin toplanıb Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə göndərilsə də, pensiyanın bərpasından imtina edilib. Bu barədə müraciətimizə sözügedən nazirk belə bir cavab göndərdi: “Vətəndaş Musayeva Vəfa Salman qızına 23.02.2016-cı il tarixində 5 il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuşdur. Növbəti müayinə vaxtı 05.11.2020 tarixində olub. Bu səbəbdən əlillik dayandırılıb. Vətəndaşın 12.02.2021-ci il tarixli müraciətinə əsasən əlilliyin təkrar qiymətləndirilməsi aparılaraq göndərişin natamam doldurulması səbəbilə əlilliyin təyinindən imtina edilmişdir. Status localis və TSEK göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilməli və ətraflı qeyd edilməli, instrumental müayinələr dəqiqləşdirilməlidir.”
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının nevroloq həkimi Könül Məmmədovanım dediyinə görə, sözügedən məsələ ilə bağlı bütün tələb olunan sənədlər lazımi qaydada doldurularaq müvafiq nazirliyə göndərilib. “Buna baxmayaraq nazirlik bizə məlum olmayan səbəblərdən əlilliyin tanınmasından imtina edib”- həkim əlavə edib.
Təəssüf ki, bütün bu ötür-ötür oyunlarından əziyyətini çəkənlər Vəfa Musayeva kimi normal qidalanması üçün ərzaq dərman və almağa maddi sıxıntılar yaşayan təqaüdçülər olur.
Heybət Əmrah
Basta