Müsavat partiya üzvlərinə təzyiqləri pisləyir – Divanın iclası keçirilib

Aprelin 5-də Müsavat Partiyası Divanının video-konfrans rejimində növbəti iclası keçirilib.

 

İclasda əvvəlcə Müsavat Partiyası rəhbərliyinin martın 31-də – azərbaycanlıların soyqırımı günü Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət etməsi barədə məlumat dinlənilib.

 

Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanovun 30-cu polis bölməsinə çağırılması, ondan mənsub olduğu partiyadan istefa verməsi və müxalifətçiliyə son qoymasının tələb olunması, polisin siyasətə kobud müdaxiləsi kimi qiymətləndirilib. Eyni gündə Müsavat Gənclər təşkilatının sədr müavini Əziz Məmiyevin “izahat almaq” adı ilə Qaradağ Rayon Polis İdarəsinə çağırılmasından narahatlıq ifadə edilib. Müsavat Divanı polisin siyasətə müdaxiləsinə və müxalifət fəallarına qarşı təzyiqlərə son qoyulmasını tələb edib.

 

İclasda 18 yaşına çatmayan şəxslərə uşaqpulunun verilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, təxminən 500 milyon manat dəyərində olan binaların tikintisi və digər lazımsız korrupsiya layihələrinin maliyyələşdirildiyi bir vaxtda Azərbaycan hakimiyyətinin uşaqpulu ödəmək üçün imkan olmadığı barədə mövqeyi inandırıcı deyil. Müsavat Partiyası əhalinin sosial durumu və uşaqların dövlət tərəfindən himayə olunması zərurətini nəzərə alaraq, uşaqların minimal tələbatını ödəyəcək məbləğdə müavinətlərin təyin olunmasını tələb edir.

 

Toplantıda Ukrayna ilə Rusiya arasında gərginliyin artması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Krım və Donbas münaqişələri Ukraynanın ərazi bötüvlüyü çərçivəsində həll edilməlidir.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta