Ermənistanda məxfi sənəd dərc edildi, Baş qərargahın keçmiş rəisi ifşa olundu
Ermənistan Təhlükəsizlik Şurası məxfi sənədləri açıqlayaraq, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın yalanını ifşa edib.
Qarabağda 44 günlük müharibə başa çatdıqdan sonra Onik Qasparyan iddia edib ki, o, müharibənin 4-cü günü – 2020-ci ilin sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında döyüş əməliyyatlarının dərhal dayandırılmalı olduğunu deyib, əks təqdirdə bir neçə gündən sonra Ermənistan ordusunun resurslarının tükənəcəyini bildirib.
Bu məsələ Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazların əsas mövzularından birinə çevrilib. Ermənistan müxalifəti hesab edir ki, əgər Paşinyan vaxtında 5+2 rayonun qaytarılmasına razılıq verib müharibəni uzatmasaydı, o halda Şuşa əldən getməzdi.
Aprelin 14-də Nikol Paşinyan keçmiş Baş qərargah rəisini yalan danışmaqda ittiham edib. Bundan bir gün sonra isə Təhlükəsizlik Şurasının ofisi 30 sentyabr iclasının stenoqramından Qasparyanın çıxışının bəzi hissələrini dərc edib.
Dərc edilən qeydlərdən görünür ki, Qasparyan nəinki müharibənin dayandırılmasını təklif etməyib, əksinə, ordunun öz vəzifəsini uğurla yerinə yetirdiyini və Cəbrayıl rayonu istiqamətində əks hücum etdiyini söyləyib.
Bu qeydləri təqdim edirik:
“Cənab Baş nazir, əslində vəziyyət taktiki olaraq dəyişməyib, yəni , düşmən irəliləməyib … “,” Əlavə edir … “Silahlı qüvvələrimiz, onlara verilən tapşırığı yerinə yetirir, səhər Cəbrayıl istiqamətində kiçik bir əks hücum təşkil etdik, uğur qazandıq … “bizə verilən tapşırığı sona qədər yerinə yetirəcəyik”.
Nikol Paşinyan ilə Onik Qasparyan arasında münasibətlə baş nazirin Rusiyanın “İsgəndər” raketlərinin yararsız olması barədə çıxışından sonra gərginləşib. Kremldə böyük narazılıqla qarşılanan bu çıxışdan sonra Qasparyan bir sıra yüksək rütbəli zabitlər və korpus komandirlərinin də imza atdığı bəyanat verərək Paşinyanın istefasını tələb edib. Paşinyan öz növbəsində bu bəyanatı dövlət çevrilişinə cəhd adlandırıb və Qasparyanı Baş qərargah rəisi vəzifəsindən azad edib.
Qeyd edək ki, 27 sentyabr – 9 noyabr 2021-ci ildə baş vermiş müharibə nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını, Suqovuşan və Hadrut qəsəbələrini, eləcə də Şuşa şəhərini işğaldan azad edib. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları birgə bəyanata əsasən Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycan ordusuna təhvil verilib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarına Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.
Basta