Abbas Lisani həbsxanadan xəstəxanaya aparıldı
Güney Azərbaycanda milli hərəkatın liderlərindən biri, siyasi məhbus Abbas Lisaninin sağlıq durumuna yenidən problemlər yaranıb.
Günaz TV-nin məlumatına görə, Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan Lisani bel ağrıları çoxaldığı üçün yanvarın 2-i axşam saatlarında Ərdəbilin “İmam Əli” xəstəxanasına aparılıb.
Siyasi məhbusu müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğu və yenidən əməliyyata ehtiyac olduğu barədə rəy veriblər.
Həkimlər zədələrin bədxassəli olmasına gətirib çıxaracaq cərrahiyyə əməliyyatının gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib, Ərdəbil həbsxanasının rəhbərliyinə məktub yazaraq Abbas Ləsaninin əməliyyat olunmasının zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilib. Abbas Lisani avqustun 27-i günorta saatlarında Ərdəbil zindanına geri qayıtmağa məcbur olub.
2019-cu ilin dekabrında həbs olunan Lisani uydurma ittihmlarla 15 il müddətinə azadlıqdan məhrum edilib.