Əlillik pensiyası kəsilənlər: “Aylardır yoxlayırlar. Nə yeyək? Nə ilə müalicə olunaq?”

Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısı qələbəlikdir – onlarla adam əlilliyin təyini ilə bağlı qəbula gəlib.

 

“Səhər gəlsəydiniz, burada bəlkə 200 nəfər var idi,” – mərkəzin qarşısında gözləməkdən yorulduğu üzündən yağan insanlar BBC News Azərbaycancaya deyirlər.

 

Onlar dəmir darvazanın bayırındadırlar və içəri girmək üçün növbə gözləyirlər.

 

Onlardan biri Rauf Novruzov yollarda qalıb – 7-ci dəfədir ki, Saatlı rayonundan bura gəlib. O, 15 idlir ki, ikinci qrup əlil kimi təqaüd alırdı, amma indi “pensiya kəsilib”.

 

“Dörd aydır ki, pensiyam kəsilib, özüm əliləm, yoldaşım 2-ci qrup əlildir, hər ikimiz ağciyər xəstəliyindən əziyyət çəkirik. Gözümüzün ağı-qarası bir övladımız var, zülümlə bir övlad böyütmüşük, o övladımızı da alıb aparıblar əsgər, bu ölkədə əsgər valideyninə qoyulan hörmət budur. Mənə dərman lazımdır, mənə yemək lazımdır, içmək lazımdır, müalicə lazımdır, nə ilə müalicə olum? Dörd aydır yazmadığım, müraciət etmədiyim yer yoxdur,”- o deyir.

 

“Dörd ay yoxlama olar? Mənim ağ kağızımın nəyini yoxlayırsan, çağır mənim içimi yoxla də,” – Rauf Novruzov danışdıqca əsəbiləşir.

 

Bu pensiya ailənin müalicə və ərzaqla təminatına kömək edirmiş.

 

“Başqa gəlir yerim yoxdur, əliləm, sağlam adamı işə götürmürlər, mənim iş yerim haradan olsun?” – deyən Rauf Novruzov əlavə edir ki, indi həyat yoldaşının 130 manatlıq təqaüdünün ümidinə qalıblar.

 

“Dörd aydır yoldaşımın 130 manat sosial pensiyası ilə dolanıram. Bir də get mağazalardan soruş, 500 manat borcum yığılıb,” – o deyir.

 

Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısı

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Rauf Novruzovun əlillik müddəti başa çatıb, onunla bağlı yeni göndəriş elektron sistemə yüklənib, amma hələ qərar verilməyib.

 

Ötən ilin sonlarından indiyə kimi təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.

 

Yüzlərlə əlilliyi olan şəxs isə pensiya müddəti başa çatdığı üçün yenidən sənəd toplamalıdır, yenidən əlillik təyinatı olana qədər isə onlar pensiya almaq hüququndan məhrum olurlar.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirirlər ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin “saxta əlillik” arayışı düzəltdiyi üzə çıxıb və onlara pensiya verilməsi dayanıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxmininən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb.

 

190 min əlilliyi olan şəxsin isə bu il əlillik müddəti bitir və onlar əlillik qrupu üçün yenidən müraciət etməlidirlər, ƏƏSMN deyib.

 

İqtisadçı Qubad İbadoğlu deyir ki, vaxtilə ölkədə “saxta əlil” arayışları hesabına ölkədə əlilliyi olan şəxslərin sayı birdən-birə yüksəlmişdi, amma onun fikrincə, indi həqiqi əlilliyi olan şəxslərdə əlillik qrupunun təyini ilə bağlı “qarışıq, dolaşıq və uzunçəkən” bir proses tətbiq olunur ki, bu da yeganə dolanışıq mənbəyi əlillik pensiyası olan şəxslərin maddi durumuna ciddi təsir göstərir.

 

“Xəstələr idarələrin qabağına düzülüb”

 

Əlindəki sellofan torbaya yığdığı sənədləri göstərən 72 yaşlı qadın deyir ki, bunlar onun gəlininin sənədləridir. 42 yaşlı gəlini “ta uşaq yaşlarından əlilliyə görə təqaüd alır,” – amma ötən ilin dekabrında “bu təqaüdün ödənilməsi dayandırılıb”.

 

Adını söyləmək istəməyən qadının dediklərinə görə, gəlini 200 manata yaxın təqaüd alıb və bu pul əsasən onun dərmanlarına xərclənib.

 

“Oğlum 400 manat maaş alır, onun 100 manatı evə gəlir,” -deyən qadın təqaüdün yenidən ödənilməsi üçün sənəd toplayıb, o hesab edir ki, bu sənədlərdə onun gəlininə təqaüdün düşdüyü göstərilib, amma müxtəlif dövlət qurumları arasında get-gələ salınıb.

 

“Xəstələr idarələrin qabağına düzülüb,” – o ”ah” çəkir.

 

Mərkəzin qarşısındakı daşların üstündə əyləşən digər vətəndaşlar da saatlarla gözləməkdən və qurumlara gedib-gəlməkdən yorulublar.

 

Burda gözləyənlərdən biri danışır ki, iki dəfə insult keçirib və 5 ildir təqaüd alırmış. O deyir ki, 4-сü dəfədir ki, Respublika Əlillərin Bərpa Mərkəzinə gəlsə də, pensiyasının dayanma səbəbini ona heç kim söyləmir.

 

“260 manat alırdım. Bunun [get-gəl] büdcəmə ziyanı var. Türkiyədə 2 uşaq oxutdururam, sağlamlığımı qoruya bilmirəm. Bu [pensiya] mənə düşürsə, niyə verməsinlər ki?! Kiminsə ucbatından yollarda qalmışam, mən bu günün altında bir də insult olsam, kim mənim ailəmə cavab verəcək, uşaqlarıma kim baxacaq?”- o deyir.

 

Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısı

 

“9 dəfə imtina cavabı gəlib”

 

Mərkəzin qarşısında gözləyənlərin ürəyi doludur, danışıb dərdlərini söyləmək istəyirlər. Əksəriyyəti 200-230 manatlıq pensiyasından məhrum olub və bunun da səbəbini bilmir, ya da göndərilən sənədlərə kiminsə baxmadığını deyir.

 

BBC News Azərbaycanca müxbirinin söhbət elədiyi vətəndaşların sözlərinə görə, bu mərkəzə regionlardan o qədər gələn var ki, hətta Gəncə və İmişlidən bu mərkəzin yanına birbaşa avtobuslar gəlir.

 

Mərkəzin qarşısında gözləyənlər arasında əlillik təqaüdünü ilk dəfə düzəltdirmək istəyənlər də var. Beyləqandan gəlmiş gənc qadın qohumunun 5 yaşlı uşağının epilepsiya xəstəsi olduğunu, təqaüd təyinatı ilə 9 dəfə “müxtəlif bəhanələrlə” imtina cavabı aldığından danışır.

 

Gənc qadın Beyləqan, Ağdam və Bakıdakı idarələr arasında get-gəldən çox əziyyət çəkdiklərini deyir.

 

 

“[Qohumun] yoldaşı yoxdur, qayınanası ilə bir yerdə qalır. Bu adam yol pulunu necə tapsın? Bir gün o xala, bir gün bu xala verir yol pulunu. İndi də bəhanə uydurublar ki, uşağın heç nəyi yoxdur, sağlamdır . Uşaq bir az əsəbiləşsə, özündən gedir. Deyirlər, heç nəyi yoxdur. Həkim uşağın xəstə olduğunu deyib, sənəd də verib, amma bura qəbul etmir,”- o danışır.

 

Müsahibimiz deyir ki, Bakıda həkim qəbulunda uşağın “normal olmadığını” öz dili ilə deyib, amma rəy verməyib.

 

Yollarda qalanlar

 

Daşkəsəndən gəlmiş Ceyhunə Məmmədova da 1 yaş 7 aylıq qızının serebral iflic olduğunu, lakin ona təqaüd verilmədiyini deyir.

 

O da deyir ki, xəstəxanada həkimlər ona uşağın sağalmayacağını desə də, sənəddə “uşağın sağalacağı, buna görə də ona pensiya düşmədiyi” qeyd olunub.

 

“On gün yatıb xəstəxanada, [həkim] bizə dedi ki, sağalmayacaq. Amma kağız verib ki, uşaqda heç nə yoxdur, elə-belə qıcolması var, sağalacaq”.

 

Ceyhunə Məmmədovanın sözlərinə görə, ailəyə təkcə orduda MAXE kimi çalışan və Kəlbəcərdə çalışan həyat yoldaşı gəlir gətirir. Uşağın müalicəsinə isə hər ay azı 250-300 manat pul lazımdır. Uşağın babası idarələr arasında, yollarda qaldıqlarını deyir.

 

“Uşağı təkcə Bakıya gətirmək üçün 150 manat taksiyə pul vermişəm,”- o deyir.

 

 

“Xəstəxanada yatızdırmaqla boyu uzanmayacaq”

 

Ölkənin bir çox yerində əlillik pensiyasının kəsilməsi ilə bağlı şikayətlər eşitmək olur. Hekayəsi sosial mediada dolaşan Göyçay sakini Zeynəb Şərifova da pensiyası dayandırılanlardan biridir.

 

Ona qulluq edən qohumu Sadəgül Şərifova BBC News Azərbaycancaya deyir ki, boyu 80 sm, çəkisi 28 kiloqram olan 54 yaşlı Zeynəb Şərifovanın əlillik pensiyası ötən ilin dekabrında kəsilib, o, ikinci qrup kimi əlillik pensiyası alırmış: “Anadangəlmə əlilliyi var, illərdir pensiya alır. Dekabr ayında pul karta köçürülməyib, sonra dedilər ki, pensiya dayandırılıb”.

 

Sadəgül Şərifova deyir ki, pensiyanın yenidən təyinatı ilə bağlı toplanmış sənədlər ƏƏSMN-ə göndərilib və yanvarın 19-da imtina cavabı gəlib.

 

“İmtina verilib, deyilib ki, xəstəxanada stasionar müalicə almalıdır. Son vaxtlar xəstəxanaya müraciət etməyib, xəstəxanada yatmayıb. Biz də getdik həkimə müraciət etdik, o da dedi ki, bunu xəstəxanada yatızdırmaqla boyu uzanmayacaq, çəkisi çoxalmayacaq. Anadangəlmə əlilliyi var, bu xəstə deyil ki, müalicə alıb düzəlsin.”

 

Sadəgül Şərifova əlavə edir ki, məsələ ictimailəşəndən sonra Zeynəb Şərifovaya 3-cü qrup əlillik təyin olunub.

 

“Yazırlar ki, yüngül, oturaq işdə işləyə bilər. Hansı işdə işləyə bilər ki, 28 kq çəkisi var. 6-7 yaşındakı uşağaməxsus bədəni var. Nə iş görər, hansı işə gücü çatar ki? Onun bütün işlərini mən edirəm, yeməyini də, bazarlığını da, zibil atmağını da, çimizdirməyini də,” – o deyir.

 

Sadəgül Şərifovanın sözlərinə görə, Zeynəb Şərifovanın aldığı 130 manat yüksək məbləğ olmasa da, yenə dərmana və ərzağa xərclərinin öhdəsindən birtəhər gəlirmiş:

 

“Pensiyasının kəsilməsinə görə, çox bədbin olub. Deyir ki, Zeynəb Şərifova gözünü o pula dikmişdi ki, dərmanını, yeməyini alar, qardaşına möhtac qalmaz”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, Göyçay sakini Şərifova Zeynəb İsgəndər qızına 19.01.2021 tarixində “dəqiqləşdirilmiş ostexondrodisplaziya, xondrodiatrafiya, digər rubrikalarda təsnif olunmayan cırtdanboyluluq, qeyri-proporsional nanizm” meyarına əsasən, qanunverciliyə uyğun olaraq 3-cü dərəcə müddətsiz əlillik təyin edilib.

 

500 müraciətdən 5-i

 

Azərbaycanın rayonlarından birindəki tibb müəssisədə işləyən, adının çəkilməsini istəməyən bir həkim BBC News Azərbaycancaya bildirib ki, “həqiqi əlilliyi” olan şəxslərə də imtina cavabı gəlməsinin şahididir:

 

“Təqaüdü dayandırılanlar arasında şizofreniya, epilepsiya və ya anadangəlmə əqli geriliyi olan xəstələr var ki, onların sağalması mümkün deyil, amma onlara da imtina cavabı verirlib. Saxta pensiya düzəldənlər var, amma həqiqi xəstələr də var ki, imtinaya görə gəlib gözünün yaşını tökür. Şizofreniyadan əziyyət çəkən xəstəm hər ay pulsuz dərman üçün xəstəxanaya gəlib, amma ona imtina veriblər ki, son vaxtlar stasionar müalicə almayıb. Bəzi adamlar var ki, psixi xəstəxanalara gedəndə vəziyyətləri daha da pisləşir. Ona görə valideynləri onların dərmanlarını alıb evdə baxırlar. Bu ay o xəstəyə pulsuz dərman verdik, amma pensiya verilməsə, məcburuq kəsək. O dərman içməsə, kim tutub saxlayacaq? Bu necə olacaq?”

 

Söhbət etdiyimiz həkim deyib ki, imtina cavabı alanlar onların üstünə gəlir, ancaq onların edəcəkləri bir şey yoxdur:

 

“İmtina veriblər ki, son 5 ildə stasionar müalicə yoxdur. Sən bunun hər ay aldığı dərmana bax. Hamısı da kompüterə vurulur. Bu insan mütəmadi dərman alıb. Onun kimi də başqa epilepsiya xəstələridi, bunların hamısı dərmanla yaşayır. Axı, məsələyə onların xəstəxanada yatmaqlarının nə dəxli var?” Həkimin sözlərinə görə, 2020-ci ilin noyabr ayından əlilliyin yenidən təyin edilməsi bağlı müraciətlərə imtina cavabı kəskin artıb: “Noyabrdan bəri 3-4 xəstəmə əlillik veriblər. Bəlkə də 500 müraciətdən 5-nə veriblər-” o deyir.

 

“Çox vicdansızcasına…”

 

Onun fikrincə, hamının təqaüdünü kəsmək doğru addım deyil.

 

“İmtinada yazılıb ki: “natamam doldurma”. Xəstə deyir ki, sən natamam doldurmusan. Başa sala bilmirəm ki, natamam doldurma o deməkdir ki, sən xəstəxanada yatmamısan, açıqlamasını verib. Xəstə deyir, yox ey, tam dolduraydın”.

 

Həkim gileylənir ki, sənəd doldurarkən bütün detalları yazmalarına rəğmən, sənədi qəbul edən qurum bəzən bunu “səthi doldurma” kimi qiymətləndirir.

 

“Bu “dərin doldurulma”nı bizə öyrətsinlər, görək nətər olur o. Çox vicdansızcasına edirlər,” – adının açıqlanmasını istəməyən həkim qeyd edir.

 

“Gənc bir xəstəm tualet ehtiyacını belə yardımsız görə bilmir. Yazmışdım onun barəsində, bütün detalları yazmışdım. Ona 2-ci qrup veriblər. Əslində 1-ci qrupa düşməli xəstədir, çünki heç bir əmək qabiliyyəti yoxdur”.

 

Bakı

 

Xəstəxanalarda yaranan sıxlıq

 

 

2-ci qrup gözdən əlilliyi olan jurnalist Hafiz Babalının pensiya təyinatı bu ilin yanvarında bitib. O, yenidən müraciət edəndə isə ona deyilib ki, aprelin 8-də yaxınlaşsın. Bu isə o deməkdir ki, o, azı 4 ay pensiya almayacaq.

“Aprelin 8-də gəldim, müayinədən keçdim. Hələ bu o demək deyil ki, mənim pensiya təyinatım müəyyən olunubdur. Hələlik tibbi rəyi poliklinikaya təqdim etmişəm. Orada bu sənəd bir müddət elektron bazaya vurulmur, çünki elektron bazanın özünün işləmə sistemi də işlək deyil. Bu proses aprelin sonuna qədər çəkəcək və ondan sonra əgər pensiyasıya əlillik təyin olunacaqsa, sənədlər aidiyyatı üzrə ƏƏSMN-nin müvafiq qurumuna veriləcək ki, həmin o pensiya yenidən bərpa olunsun”.

O hesab edir ki, təqaüdlərin ödənişinin dayandırlması pensiyaların təyinatında, ödənişində olan problemlərin aradan qaldırılması, qeyri-qanuni təyinatların müəyyən olunması məqsədilə edilib.

Lakin onun təbirincə, dövlət qurumlarının bu işdə tətbiq etdiyi “özünəməxsus bir pəncərə, bir qapı prinsipi” narazılıq yaradır.

“Göz xəstəliyi olanlar yalnız Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yoxlanılmalıdır. Buna görə də xəstəlik vəziyyətindən, yaşından, yaşayış yerindən asılı olmayaraq, bütün vətəndaşlar, 10 minlərlə pensiya və müavinət təyin olunmuş gözdən əlillər həmin mərkəzə müraciət edilər və nəticədə də böyük sıxlıq yaranır,”- o deyir.

“Bunun cavabını kim verəcək?”

 

 

Hafiz Babalı öz müşahidələrindən də danışır. O deyir ki, insanların axın-axın müraciət etməsi ciddi problemlər yaradır.

” Aprelin 8-də müşahidə etdim ki, vətəndaşlara dekabrın ortalarına təkrar müraciət üçün gün təyin edirlər. Bu o deməkdir ki, 9 ay müddətdə insanlar pensiyadan məhrum olurlar, bunun cavabını kim verəcək. Bu, çox ciddi problemdir”.

Hafiz Babalı pensiyaların təyin edilməsində saxtalaşdırması və qeyri-qanuni təyinatların olmasını istisna etmir və bunun qarşısının alınmasımı da təqdirəlayiq hal sayır, lakin o qeyd edir ki, qeyri-qanuni təyinatlarla bağlı hesabat verən dövlət qurumları “filan qədər qənaət olub” deyirlər: “Bu qənaət deyil, bu pensiyaçının, vətəndaşın cibinə girməkdir”.

Onun sözlərinə görə, bu prosesdən əgər vətəndaşların sosial cəhətdən zəif müdafiə olunan təbəqəsi əziyyət çəkirsə, bu prosesi gərginləşdirən qurumlar çıxış yolu tapmalıdırlar.

“Məgər tək Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzi Azərbaycanda göz xəstəliklərini müəyyən edən orqandır? Özəl və dövlət qurumları var ki, onların da kifayət qədər professional və peşəsinə ləyaqətlə xidmət edən nümayəndələri var. Buyursunlar , bu ekspertiza mərkəzlərini orada da təyin etsinlər. Məgər bölgələrdə Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzindən başqa göz xəstəlikləriylə bağlı ixtisaslaşmış qurum yoxdurmu? Elə Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzinin bölgələrdə filialları var. Niyə pandemiya vaxtında insanlar əziyyət çəkməlidilər, xərcə düşməlidirlər?” – o deyir.

Sənəd toplamaq üçün idarələr arasında “dolaşmaq”

 

İqtisadçı Qubad İbadoğlu xatırladır ki, illər öncə ölkədə “saxta əlillik arayışının tüğyan etməsi” məsələsini elə onun özü qaldırıb: “Təsəvvür edin, Azərbaycan hər 100 min nəfərə düşən əlilliyi olan şəxslərin sayına görə MDB ölkələri arasında lider idi. Ölkədə əlilliyi olan şəxslərin sayı 600 mini ötmüşdü. Müharibə yox, əlillik yaradacaq kütləvi durum yox və bu çox şübhəli görünmüşdü”.

Amma təhlilçi əlavə edir ki, Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi “saxta əlilliklə” mübarizədə “həqiqi əlilliyi olan şəxsləri problemlərlə üz-üzə qoymamalıdır”.

Qubad İbadoğlunun fikrincə, büdcəyə qənaət etmək üçün əlillik təyinatı ilə bağlı prosedur mürəkkəbləşdirilib, mərkəzləşdirilib. O bunu “əlillik təyinatını süni şəkillərlə yubadan bir mexanizm” kimi qiymətləndirir.

İqtisadçı onu da deyir ki, sənəd toplamaq üçün idarələr arasında “dolaşmaq” onsuz da azməbləğli pensiyaya möhtac insanlardan ötrü məşəqqətə çevrilib.

“Elə həqiqi əlilliyi olan şəxslər var ki, onların yeganə dolanışıq mənbəyi əlilliyə görə aldıqları pensiyadır. Əgər əlilliyin yenidən təyinatına ehtiyac varsa, bu proses şəffaf, açıq və sürətli olmalıdır”.

ƏƏSMN

 

 

“3-4 ay qabaqdan sənəd toplasalar…”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirirlər ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin “saxta əlillik” arayışı düzəltdiyi üzə çıxıb və onlara pensiya verilməsi dayandırılıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb: “Saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsait məhz elə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial ödənişlərinin, o cümlədən müavinət və pensiyaların artırılmasına sərf olunub,”- nazirlikdən BBC News Azərbaycancaya bildirilib.

Qurumun sözçüsü Fazil Talıblı səslənən iddiaları əsaslı saymır, deyir ki, bir çox şəxsdə əlillik müddəti bitib, bu isə “pensiyanın dayandırılması” deyil və onlar yenidən müraciət etməlidirlər:

“Bəzi vətəndaşlar heç sənədlərinə baxmırlar ki, bu əlillik qrupu onlara hansı müddətə təyin edilib. Kartı bankomata salıb yoxlayanda görürlər ki, pul köçməyib, onda yada düşür ki, sənədə baxsınlar”.

Fazil Talıblı deyir ki, nazirliyin vətəndaşlara əlilllik təyinatı müddətinin bitməsi ilə bağlı əvvəlcədən xəbər vermək kimi bir öhdəliyi yoxdur: “Şəxsiyyət vəsiqəsinin vaxtı bitəndə sizə zəng edib deyirlərmi ki, vaxtı bitib, gəlin dəyişdirin? Vətəndaş şəxsiyyət vəsiqəsini vaxtı bitəndə dəyişdirməyə məsuliyyəti özü daşıyır, eləcə də əlillik təyinatı ilə bağlı sənədlərin yenidən toplanması ilə də bağlı”.

O deyir ki, 2015-ci ilin dekabrında Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdı və bu qərar 190 min şəxsi əhatə etmişdi. Bu il artıq bu şəxslər üçün müddət bitir və onlar əlillik almaq üçün yenidən müraciət etməlidirlər:

“Əlillik təyinatına yenidən müraciət edəcək şəxslər müddət tamam olmazdan 3-4 ay qabaqdan sənədlərini toplamağa başlasalar, vaxt itkisi ilə üzləşməzlər”.

Fazil Talıblı deyir ki, əlillik təyinatı üçün doldurulan Forma-88 arayışı elektron bazaya yüklənən andan, əgər şəxsə əlillik düşürsə, müraciətinə nazirlikdə baxılma müddətindən asılı olmayaraq, bu pensiya hesablanacaq:

“Əgər 190 minin arasında saxta əlillik arayışı düzəldənlər varsa, əziyyət çəkib yenidən müraciət etməsinlər, onlar onsuz da aşkarlanacaq, sadəcə, iş yükümüzü, sənəd dövriyyəmizi, vətəndaşların müraciətinə baxılma müddətini artıracaqlar”.

Fazil Talıblı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik təyinatı ilə bağlı guya süründürməçiliyə yol verildiyi barədə iradlarla razılaşmır, deyir ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir, müraciətlərin vaxtlı-vaxtında cavablandırılması təmin olunur.

O əlavə edir ki, əlillik təyinatı ilə bağlı şikayətlərdən xəbərdardılar: “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində vətəndaş barəsində həkim rəyinin əks olunduğu Forma-88 arayışı əsasında əlillik təyin edilir. Biz vətəndaşı görmürük, rəyi görürük. Əgər vətəndaş hesab edirsə ki, həkim rəyi düzgün deyil, o zaman Agentlikdəki Appellyasiyaya müraciət edə bilər. Əgər həqiqətən də vətəndaş əlilliyi olan şəxsdirsə və həkim rəyi düzğün yazılmayıbsa, o zaman nazirlik aidiyyətli orqanlar qarşısında həmin həkimlə bağlı məsələ qaldırır”.

O, əlillik təyinatı ilə bağlı prosedurların qanunvericiliklə tənzimləndiyini əlavə edir.

BBC News Azərbaycancanın suallarına TƏBİB hələ ki, cavab verməyib.

BBC