Müsavat başqanı rus işğalından yazdı
Azərbaycan 1920-ci il aprel ayının 27-də bolşevik Rusiyası tərəfindən işğal edildi.
Müstəqil Azərbaycan dövlətimizin süqutunun səbəblərindən biri də o dövrdə Azərbaycan siyasətini yönəldənlərin bir qisminin satqınlığı, bir qisminin isə Rusiyadan gələn təhlükələri düzgün anlamaması, bu işğalı hətta xilas kimi qiymətləndirməsi idi.
Nəticədə Müsavat Partiyası və milli lider M. Ə. Rəsulzadə meydanda tək qaldılar.
Əksər partiyalar, hətta Müsavat Partiyasının sol fraksiyasının bəzi üzvləri hakimiyyətin bolşeviklərə təhvil verilməsinə tərəfdar çıxdı.
Xalq Cümhuriyyətinin bir çox tanınmış simaları, General Şıxlinski, Hərbi Dəniz Donanması komandanı Çingiz İldırım, Daxili İşlər Naziri, Baş Nazir kimi yeni hökümətin qurulması həvalə olunmuş Məhəmməd Həsən Hacinski və başqaları rəsmən bolşeviklərə qoşuldular.
Halbuki, 27 aprel çevrilişi ərəfəsində Bakıda kommunist hərəkatı rəhbərləri arasında tək bir türk, yəni yerli azərbaycanlı yox idi. Rusiya Kommunist bolşeviklər Partiyasının Bakı Komitəsinə o vaxtlar 3 erməni, 2 rus, və 1 gürcüdən ibarət heyət rəhbərlik edirdi…
Azərbaycanın müstəqilliyini tanıyacağını, yalnız yüksək vəzifəli şəxslərin görəvindən alınacağı, bu müdaxilənin işğal yox, yalnız Azərbaycanda hakimiyyət dəyişikliyi olduğunu bəyan edən bolşevik Rusiyası elə ertəsi gündən başlayaraq verdiyi vədlərin heç birinə əməl etmədi.
Azərbaycan tam şəkildə Moskvanın nəzarəti altına düşdü.
Ölkənin idarəçiliyi əsasən erməni və rus millətindən olan bolşeviklərə tapşırıldı.
1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı oldu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələndi.
XI Qızıl Ordunu xilaskar kimi qarşılayan, müsavatçılara və digər istiqlalçılara divan tutanların demək olar ki, hamısı sonrakı mərhələdə, 30-cu illər repressiyası dövründə məhv edildilər.
27 Aprel tariximizin ən faciəli günlərindən biridir.
Təəssüf ki, faciələrimizdən nəticə çıxarmadıq. Bu səbəbdən 20 yanvar, Xocalı faciləri baş verdi.
Elçibəy hakimiyyəti tərəfindən 27 il əvvəl ölkədən çıxarılan rus ordusu ötən il noyabr ayının 10-da xalqımızdan xəbərsiz, xəlvəti olaraq, gecə saatlarında yenə Azərbaycana gətirildi.
Bu gün Yuxarı Qarabağda yerləşdirilən ordu, hansı ad altında olmasından, necə adlandırılmasından asılı olmayaraq Cavad xanı Gəncə divarları üzərində qətlə yetirən, 27 Apreldə Azərbaycanı işğal edən 20 Yanvar və Xocalı qırğınlarını törədən işğalçı rus ordusudur.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta