Avropa-Rusiya qarşıdurması: Putin rejimi bu oyundan necə çıxacaq?
Dadaş Əhmədli, politoloq
Rusiyanın sərgilədiyi aqressiv siyasət, nəhayət ki, bu ölkəyə qarşı sərt qərarların verilməsinə səbəb ola bilər. Avropa Parlamentinin aprel ayının 28-də qəbul etdiyi Birgə Hərəkət Haqqında qərarı belə düşünməyə əsas verir. Avropa Parlamentinin Aleksey Navalnının işi, Ukrayna sərhədindəki hərbi güc və Çexiyada rus hücumları ilə bağlı Rusiyaya dair qətnaməsi əvvəlki sənədlərlə müqayisədə daha sərtdir və Rusiyanın bu qətnamə ilə razılaşcağı xeyli dərəcədə çətin görünür. Amma qətnamə ilə razılaşmamaq da Rusiyanın vəziyyətinin ağırlaşmasına səbəb olacaq.
Əvvəlki qətnamələrdən fərqli olaraq bu dəfə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsi, o cümlədən Rusiyadan AB-yə neft və qaz idxalının dərhal dayandırılmasını, Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılmasını, bu ölkənin səlahiyyətli şəxslərinin və onlara yaxın oliqarxların AB-dəki bütün əmlaklarının dondurulmasını və vizalarının ləğvini nəzərdə tutur. Təbii ki, bu tədbirlərin tətbiqi Rusiya rəhbərliyinin, prezident Putinin hakimiyyətinin laxlaması demək olar. Avropanın bu qərardan vaz keçməsi üçün isə Kreml rəhbərliyi bir sıra qəbul edilməsi mümküsüz kimi görünən şərtlərlə razılaşmalıdır.
22 bənddən ibarət olan bu qətnamə əsasən aşağıdakı məsələləri əhatə edir:
- Krım yarımadasında və Rusiyada qanunsuz olaraq həbs edilmiş Ukrayna vətəndaşlarının dərhal sərbəst buraxılması;
- Ukrayna sərhədindəki Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən daimi bazalarına geri qayıtmasının tam və gecikmədən həyata keçirilməsi, Donbasdan hərbi birləşmələrin çıxarılması, Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin idarəçiliyinin Ukraynaya qaytarılması;
- Seçki proseslərinə müdaxilə, dezinformasiya, saxtakarlıq, zərərli kiberhücumlar, təxribat və kimyəvi silahlardan istifadəyə sonqoyulması, Rusiyada ifadə, birləşmə və sərbəst toplaşmaq hüququna hörmət qoyulması, Moskvanın Avropadakı sabitliyi təhdid edən fəaliyyətlərinə son qoyulması;
- Rusiya troll şəbəkələrinin ləğvi, Çex Respublikasının ABŞ maraqlarının təmsilçisi olduğu, müstəqil bir ölkə olmadığı barədə əks-təbliğatın, Aİ-yə zərər verən dezinformasiyaların qarşısının alınması;
- Siyasi motivlə həbsdə olan Aleksey Navalnının, eləcə də korrupsiyaya qarşı mübarizə kampaniyasına dəstək olaraq nümayişlərdə tutulan bütün şəxslərin dərhal və qeyd-şərtsiz sərbəst buraxılması;
- AB Rusiya hakimiyyət orqanlarına və dövlət başçısı Putinə şəxsən xatırladır ki, o, Aleksey Navalnının həyatı və sağlamlığı üçün məsuliyyəti daşıyır, onun fiziki və ruhi sağlamlığını qorumaq üçün bütün lazımi tədbirlər görülməlidir;
- Prezident Putinin və sui-qəsd cəhdində şübhəli sayılan səlahiyyətli şəxslərin istintaqa cəlb edilməsi;
- AB Rusiya hakimiyyət orqanlarını Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunu ekstremist bir təşkilat elan etmək niyyətindən çəkinməyə çağırır, azad və plüralist bir seçki prosesində iştirak etmək istəyinin hər bir fərdin və demokratik siyasi təşkilatın hüququ olduğu, bunun ekstremist fikirlərlə heç bir əlaqəsi olmadığını bildirir;
- AB Rusiyada azad cəmiyyət uğrunda mübarizə aparan demokratik qüvvələrlə həmrəy olduğunu, təzyiq və repressiyaların hədəfinə çevrilən bütün şəxslərə və təşkilatlara dəstəyini ifadə edərək, 2021-ci ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifətə, vətəndaş cəmiyyətinə, mediaya, hüquq müdafiəçilərinə və ölkədəki digər aktivistlərə qarşı bütün təzyiqləri, təhdidləri və hücumları dayandırmağa çağırır.
Sənəddə Rusiya rəhbərliyinin qəbul edə bilməyəcəyi bu və digər bir sıra müddəalar əks olunub.
Qətnamədə, həmçinin, Rusiya kəşfiyyat xidmətlərindən olan cinayətkarların Çex Respublikasındakı Vrbitice’deki silah anbarının partlamasına səbəb olduqları məsələsinə də toxunulur. AB Rusiyanı bu cür fəaliyyətləri dayandırmağa, təqsirkarları məsuliyyətə cəlb etməyə və 2014-cü il hücumunda ölən vətəndaşların ailələrinə təzminat verməyə çağırır. Rusiyanın Avropa İttifaqı ərazisinə hücumundan və 20 Çex diplomatının Rusiyadan əsassız və qeyri-mütənasib şəkildə çıxarılmasından sonra Çex Respublikasının xalqı və hakimiyyəti ilə dərin həmrəyliyini ifadə edir və Skripal işindən nümunə götürərək, AB üzv dövlətlərini Rusiya diplomatlarının koordinasiyalı çıxarılması ilə davam etməyə çağırır.
Maraqlıdır ki, AB üzv dövlətləri arasındakı birliyin, Rusiyanı Avropada sabitliyi pozan və təxribatçı hərəkətlər etməkdən çəkindirmək üçün ən yaxşı siyasət olduğunu təkrarlayır. Bu səbəbdən də üzv dövlətləri Rusiyaya qarşı mövqelərini və hərəkətlərini əlaqələndirməyə və vahid mövqedən çıxış etməyə çağırır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına Rusiyanın davamlı olaraq məhəl qoymamasına dair Avropa Şurası Nazirlər Komitəsində prinsipial qərarların qəbul olunmasını tələb edir. Rusiya təhlükəsi qarşısında AB-nin NATO və ABŞ ilə daha çox əməkdaşlıq etməsinin zəruri olduğunu xatırladır.
Fəaliyyətləri əlaqələndirmək məqsədilə AB Prezidentinə bu qərarı Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə, Şuraya, Komissiyaya, Üzv Dövlətlərin hökumətlərinə və parlamentlərinə, Avropa Şurasına, ATƏT-ə, Ukrayna Radasına və Rusiya Federasiyasının Prezidentinə, hökumətinə və Dövlət Dumasına göndərməsini tapşırır .
Göründüyü kimi, Avropa Birliyinin bu dəfəki qətnaməsi qətiyyətinə, əhatə dairəsinə və sərtliyinə görə əvvəlkilərdən xeyli fərqlidir. İndi söz Rusiyanındır.
Bu qətnamənin qəbulundan sonra hansı addımları atmasından asılı olmayaraq, vəziyyətin düzəldilməsi mümkünsüz görünür. Üstəlik ABŞ da Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üzərində düşünür. Deyəsən, dəngələr dəyişməkdədir. Ümid edək ki, bu dəyişimlər bizim ölkəmiz üçün də hansısa müsbət nəticələr doğuracaq.
Basta