Üç vəkilin səlahiyyətləri bərpa olundu
Vəkillər Kollegiyası vəkil Şəhla Hümbətovaya qarşı iddianı geri götürdü. Bu barədə Turana Şəhla Hümbətova özü məlumat verdi.
Onun sözlərinə görə, mayın 5-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. “İclasda mənim vəkillik fəaliyyətimə xitam verilməsi ilə bağlı iddia ərizəsinin geri götürülməsi ilə bağlı qərar qəbul olundu. Mənə bildirilib ki, sabahdan vəkillik fəaliyyətimi bərpa edə bilərəm”.
Ş.Hümbətova əlavə edib ki, Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayətini verib. “Məhkəmə iclası iyunun 2-ə təyin olunmuşdu. Lakin bunu gözləmədən Kollegiya iddianı geri götürdü. Necə ki məni siyasi sifariş əsasında Vəkillər Kollegiyasından çıxarıblar elə də eyni yerdən verilmiş siyasi sifariş əsasında bərpa ediblər”.
Vəkillər Kollegiyası rəsmi açıqlamasında Hümbətovanın və digər iki vəkil İradə Cavadova və Türkel Süleymanlının səlahiyyətlərinin bərpasını təsdiqləyib.
Hümbətova və Cavadova insan hüquqları sahəsində ixtisaslaşmış vəkil kimi tanınırlar.
Hümbatova 2020-ci ildə ABŞ Dövlət Departamentinin “Cəsarətli Qadınlar” Beynəlxalq Mükafatına layiq görülmüşdür.
Martın 26-da isə ABŞ Dövlət katibi Entoni Blinken Şəhla Hümbətova ilə bağlı bəyanat verib. “2020-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq”, – Dövlət Katibi bildirmişdi.