Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir
Azərbaycan-Ermənistan sərhəddində durumla bağlı Ermənistan mediası ziddiyətli məlumatlar yayır.
“Hraparak” qəzetinin yazdığına görə, Azərbaycan ordusu Sünik rayonu istiqamətində 3 kilometr irəliləyərək Qara gölü nəzarətə götürüb.
İddia olunur ki, Rusiya və Ermənistan ordusunun təmsilçiləri Azərbaycan tərəfi ilə məsələ ilə bağlı danışıqlar aparır. İddiaya görə, Azərbaycan hərbçilərinə ərazini tərk etmələri üçün ultimatum verilib, əks təqdirdə güc tətbiq ediləcəyi bildirilib.
Qara gölün mayın 12-dən Azərbaycanın nəzarətinə keçdiyini Ermənistanın baş naziri Nikol Paşinyan da deyib.
Qeqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan Sputnik Ermənistana açıqlamasında, sərhəddə qeyri-adi heç nə baş vermədiyini deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri qışda tuta bilmədiyi mövqelərini indi, əlverişli hava şəraitində tutmağa qərar verib.
“Ancaq buranın mürəkkəb relyefi və dağ silsilələri olduğu üçün, düşmənin səhv mövqe tuta biləcəyi qorxusu var idi. Danışıqlar nəticəsində Azərbaycan tərəfinin mövqelərini harada quracağı və Ermənistan tərəfinin harada yerləşəcəyi həll olundu” – qubernator deyib.
Sanosyan əlavə edib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri öz mövqelərini Azərbaycanın nəzarətinə keçən ərazilər daxil olmaqla sərhədin bütün ətrafı boyunca yerləşdiriblər. Eyni zamanda Geqarkunik regional administrasiyasının rəhbəri müharibədən sonra sərhəd bölgəsindəki vəziyyətin sakit olduğunu vurğulayıb.
Rəsmi Bakı məsələyə münasibət bildirməyib. Google xəritələrində Qara gölün bir hissəsinin Azərbaycan ərazisinə düşdüyü görünür.
Basta
***
Ermənistan Təhlükəsizlik Şurası Zəngəzur bölgəsindəki insidentlə bağlı hazırda təcili iclas keçirir.
Azərbaycan ordusu Ermənistanın Sünik vilayəti ərazisində mövqelərini irəli çəkib, bu barədə Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dünən gecə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında deyib.
Onun sözlərinə görə, mayın 12-si səhəri Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub.
Nikol Paşinyan bir daha Azərbaycan hərbçilərinin 3,5 km Ermənistan ərazisinə müdaxilə etdiklərini bildirib və vəziyyətin hələ dəyişmədiyini deyib.
Bəzi yerli informasiya vasitələrinin məlumatına görə, hazırda danışıqlar Rusiyalı sülhməramlıların iştirakı ilə Ermənistan və Azərbaycan hərbçiləri arasında davam edir.
Paşinyan Azərbaycan tərəfinin ”göl üzərində öz nəzarəti ələ keçirməyə cəhd etdiyini” bildirib.
O, yaranmış vəziyyəti “böhrana yaxın” adlandırıb, lakin Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini bildirib.
“Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir”, – Paşinyan deyib.
***
Ötən gün insidentin yer aldığı Sünik bölgəsinin “Sevliç” (“Qaragöl”) hissəsində gecə ərzində vəziyyət dəyişməz qalıb, Ermənistan və Azərbaycan qoşunları danışıqları davam etdirir, bu barədə TASS-a Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
“Vəziyyət əvvəlki kimidir, danışıqları davam etdiririk”, – Rusiya agentliyinin müxbirinə Ermənistan hərbi idarəsindən bildiriblər.
***
Azərbaycan ordusu Ermənistanın Sünik vilayəti ərazisində mövqelərini irəli çəkib, bu barədə Ermənistanda hakimiyyət bəyan edib.
Daha əvvəl Ermənistanın Qoris şəhəri merinin müavini İrina Yolyan məlumat yaymışdı ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində “dövlət sərhədini keçib” və Verişen yaşayış məntəqəsi istiqamətində “3 kilometr irəli gəlib”. Onun sosial şəbəkə və teleqram kanallarında yayılan məlumatına görə, sərhəd boyunca qarşı tərəfin “yüzlərlə hərbçisi dayanıb”.
Onun iddiasına görə, Azərbaycan tərəfi burada 30 faizi sərhədin Azərbaycan tərəfində yerləşən Sevliç (Qaragöl) gölünü tamamilə öz nəzarəti altına almaq istəyir.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 12-də Azərbaycan silahlı qüvvələri “sərhədi dəqiqləşdirmək bəhanəsi ilə sərhəd hissələrindən birində müəyyən işlər görmək istəyiblər”.
Lakin “görülən tədbirlər nəticəsində Azərbaycan hərbçiləri bu işləri dayandırıb. İndi vəziyyətin nizamlanması üzrə danışıqlar gedir”.
Ermənistan Müdafiə Nazirliyi narahatlıq üçün əsas olmadığını bildirib və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.
Daha əvvəl bəzi Teleqram kanalları İşxanasar istiqamətində Azərbaycan silahlı qüvvələri ilə döyüşlər haqqında və Ermənistan silahlı qüvvələrinin döyüş vəziyyətinə gətirilməsi haqqında məlumat yaymışdılar.
Azərbaycan Müdafiə Nazirliyinin bu məlumatlara reaksiyası hələ ki, məlum deyil.
BBC