Ələsgər Məmmədli ilə bağlı vəsatət geri götürülüb, səbəb…
Aprelin 24-də Xətai rayon Məhkəməsində “Toplum” İnternet Televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.
Bu barədə “Turan”a vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədli prosesdə bildirib ki, bu, hüquqdan daha çox humanitar məsələdir: “Biz dəfələrlə Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişik ki, Ələsgər bəyin hospitalda müalicə almasına şərait yaradılsın. Hətta istintaqı aparan orqan – Daxili İşlər Nazirliyinə müraciət etmişik ki, nazirliyin hospitalında müalicə almasına şərait yaradılsın. Məhkəmədə də onu bildirdik”.
A.Layıc qeyd edib ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin məktubu var və həmin məktubda Ə.Məmmədlinin heç bir problemi olmadığı göstərilir: “Bu, yalandır. Ələsgər bəy həbs olunmazdan əvvəl müayinəyə getmişdi, çünki onun qalxanabənzər vəzində şiş getdikcə böyüyürdü. Bu məsələləri də biz məhkəmədə bildirdik”.
Vəkilin sözlərinə görə, məhkəmədə istintaq orqanı bu məsələlərin həllini öz üzərinə götürüb və bu səbəbdən müdafiə tərəfi vəsatəti geri çəkib.
Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu