Müsavat Ermənistanla danışıqların şəffaf aparılmasını tələb edir
Mayın 24-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda görülən işlər barədə məlumat dinlənilib.
Daha sonra siyasi motivlərlə şərlənərək narkoloji dispanserə məcburi müalicəyə göndərilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun hüquqlarının qorunması istiqamətində tədbirlər müzakirə edilib.
Mayın 28-də saat 12:00-da Respublika Günü ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin, daha sonra Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi haqqında qərar qəbul edilib.
İclasda partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün kuratorların fəaliyyətinə dair təlimata əlavə və düzəlişlər edilib.
İclasda Azərbaycan-Ermənistan sərhəddində son hadisələr barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, sərhədlərin delimitasiyası və demarkasiyası bardə saziş layihəsi ətrafında danışıqlar bilavasitə Azərbaycanla Ermənistan arasında aparılmalıdır. Vasitəçilərin iştirakı qaçılmaz olacaqsa, bu prosesdə Türkiyənin də iştirakı şərt olaraq irəli sürülməlidir. Müsavat Partiyası imzalanacaq sazişin beynəlxalq hüquqa əsaslanmasını, danışıqlar prosesinin şəffaflığının təmin olunmasını tələb edir.
Toplantıda Yunanıstandan Litvaya uçan təyyarənin, göyərtədə bomba olması iddiası ilə zorla Minskə endirilməsi və təyyarədəki müxalif jurnalist Roman Protaseviçin saxlanılması ətrafında fikir mübadiləsi aparılıb. Bu hadisə Belarusda repressiv tədbirlərin getdikçə sərtləşməsinin göstəricisi kimi qiymətləndirilərək pislənilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta