Əliyev Rəsulzadəyə borcludur

Səxavət Soltanlı, Müsavat başqanının müavini

 

İlham Əliyev yenə də Cümhuriyyətin yaranması ərəfəsində tarixi saxtalaşdırmaq, insanları çaşdırmaq və Xalq Cümhuriyyətini gözdən salmaqla məşğul oldu. Məqsədlidir.

 

İrəvanı Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti verməyib. AXC ümumiyyətlə İrəvana sahib olmayıb. Sahib olmadığı bir şeyi başqasına necə vermək olur?

 

İrəvan 1-ci dünya müharibəsi zamanı 1918 ci ilin 21-28 may tarixində erməni daimi ordusu və könüllüləri ilə Osmanlı ordusu arasında baş vermiş “Sərdarabad” döyüşündə ermənilər tərəfindən ələ keçirilib. Daha doğrusu əldə saxlanılıb. Buna nail olmaq üçün ruslar, almanlar və başqaları ermənilərə ciddi dəstək veriblər. Əks halda Ermənistan dövlətinin yaranması sual altında olacaqdı. Ermənistan adlı dövlətin bu coğrafiyada yaranması dünya üçün o zaman çox vacib idi. Olmazsa, olmazlardan idi.

 

O zaman ilk başda orduya, silaha sahib olmayan Xalq Cümhuriyyəti heç Bakıya, Şamaxıya və digər ətraf ərazilərə tam nəzarət etmirdi. Onlar heç bir ciddi imkanlara sahib olmadan ağıl və siyasətlə az sonra digər ərazilərə nəzarəti bərpa edə bildilər. Bakını və ətraf rayonları azad etdilər. İndi İlham Əliyevin ölkəni idarə etmək üçün əsas gəlir sahəsi olan Bakıya və neftinə nəzarəti ələ keçirdilər.

 

1918 ci ildə ermənilərlə azərbaycanlılar arasında hərbi güc məsələsi müqayisəolunmaz dərəcədə idi. Birinci dünya müharibəsində məğlub olan ruslar geri çəkilərkən silah-sursatlarını ermənilərə verib, ermənilərdən ibarət qoşun birliklərinin yaranması üçün əllərindən gələni etmişdilər. Azərbaycanlılar isə heç bir nizami silahlı dəstəyə sahib deyildi.

 

İrəvan həmin zaman daha çox Osmanlıya aid idi. İrəvanı da ermənilərə (Ermənistan yox idi onda) o zaman Osmanlı verdi. Yeni yaranan, yaranmaqda olan dünya düzəninin şərtlərinə və tələblərinə görə Anadoludan ermənilərin mümkün qədər şərqə sıxışdırıb sonra Ermənistan adlı dövlət yaradılmasına imkan vermək idi.

 

İlham Əliyevin məntiqi ilə Borçalını da, Dərbəndi də, Təbrizi də Xalq Cümhuriyyəti verib.

 

Xalq Cümhuriyyəti o zamanın şərtlərinə görə dəhşətli bir iş bacardı. Azərbaycan adlı dövləti elan etdikdən sonra böyük əraziləri- Bakını, Şirvanı və ətraf əraziləri azad etdi, Qarabağda erməni üsyanlarını yatırdı. Dünyaya indi sahib olduğumuzdan daha çox ərazini Azərbaycanın ərazisi olaraq tanıtdı. Əks halda indi Azərbaycan Çeçenistan kimi bir muxtar respublika, ölkə başçısı da Kadırov statusunda biri olasıydı.

 

İlham Əliyev müstəqil Azərbaycan dövlətinin başçısı olduğuna görə Azərbaycan Xalq Cümhuriyyətinə, Müsavat Partiyasına, Rəsulzadə və silahdaşlarına borcludur!