İranda iki nəfəri dar ağacından asdılar

Güney Azərbaycanın Qəzvin şəhərinin həbsxanasında iki nəfər edam edilib. Biri qadın olmaqla iki məhbus dar ağacından asılıb.

 

Məlumata görə, narkotik ticarəti ittihamı ilə edam edilən şəxslər evli olublar.

 

Edam may ayının 30-u, səhər saatlarında Qəzvin həbsxanasında icra edilib.

 

Yusif Pirostovan və onun həyat yoldaşı, eyni halda əmi qızısı olan xanım Pirostovan (ad məlum deyil) 8 il öncə Qəzvin-Kərəc yolunda 380 kq narkotik maddə ilə tutulularaq, ilk məhkəmə iclasında ölüm cəzasına məhkum olunublar.

 

Məlumatı İran İnsan Haqları Təşkilatı yayıb. Lakin İranın rəsmi dövlət mediası və məhkəmə sistemi bununla bağlı heç bir açıqlama verməyib.

 

Qeyd edək ki, İranda edam olunanların dəqiq sayı mətbuatda açıqlanmır. Bir sıra edamlar gizli şəkildə həyata keçirilir və bu barədə edam olunan şəxslərin ailələri məlumat verməmələri üçün təhdid olunur.

 

İnsan haqları təşkilatları rəsmi şəkildə və mətbuatda açıqlanmayan edamlara gizli edam adı veriblər. Beynəlxalq təşkilatlara görə, İran hökuməti gizli edamların sayına görə də dünyada ilk yerdədir.

 

İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə də, dünyada 1-ci yeri tutur.

 

Basta