Müsavatın Məclis üzvü kibercinayətlə üzləşib
Müsavatın Məclis üzvü, partiya başqanının müşaviri Sevda Laçınlı kibercinayətlə üzləşib. Bu haqda “Basta”ya o özü bildirib.
“Mənim əvvəlcə feysbuk hesabımı oğurlamışdılar. Sonra instaqram səhifəmi ələ keçirib, ora nalayiq şəkillər yerləşdiriblər” – deyə, Sevda Laçınlı qeyd edib.
Müsavat funksioneri bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib: “102 xidmətinə müraciətimlə əlaqədar məni Abşeron polisinə çağırdılar. Orada müstəntiqlər mənə profilimin oğurlanması ilə bağlı çoxlu suallar verib. Müstəntiq Laçından olan deputatın Dilafət adlı yaxınının adını çəkdi. Mənə dedilər ki, səhifənin qaytarılmasına kömək edəcəklər. Amma bu günə qədər səhifəm qaytarılmayıb. Əgər bu təzyiqlər dayanmasa, intihar edəcəm.
Sevda Laçınlı bildirir ki, ona olan təzyiqlər müxalifətçi mövqeyi ilə bağlı: “Mənə icra hakimiyyətində demişdilər ki, keç biz tərəfə, ya da sus. Mən dedim kəfəni geyinib bu yola çıxmışam, həmişə sözümü demişəm, yenə deyəcəm. Bundan sonra başıma bu işlər gəldi”.
Qeyd edək ki, Sevda Laçınlı sosial şəbəkədə hakimiyyətin sərt tənqidçilərindən biridir. O, yazıları ilə bağlı əvvəlki illərdə də bir neçə dəfə polisə çağırılıb. Son aylarda müxalifətin bir sıra nümayəndələri kibercinayətlə üzləşiblər.
Basta