Sərhəddə insident: Ermənistanın iki hərbçisi xəsarət alıb – Yenilənib
Azərbaycan sərhədçiləri ilə baş vermiş insident nəticəsində Ermənistanın iki hərbçisi xəsarət alıb. Bu haqda Ermənistan mediası məlumat yayıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.
Məlumatda bildirilir ki, qarşıdurmada silah işlədilməyib. Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistanın iki hərbçisi əlbəyaxa dava nəticəsində xəsarət alıb.
***
Sərhəddə növbəti gərginlik
İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.
Bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür” – deyə, məlumatda bildirilir.
Ermənistan Xarici işlər Nazirliyi məlumatı təkzib edib.