ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda
Bu gün, iyunun 8-də ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfərə gəlib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər.
İkigünlük səfər çərçivəsində Filip Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 6-dan 13-dək Gürcüstanda, Azərbaycanda və Ermənistanda səfərdə olacaq.
O, artıq Gürcüstanda səfərdə olub və bu gün Tbilisidən Bakıya gəlib. Bakıdan isə Yerevana gedəcək.
Dövlət Departamenti bildirir ki, Filip Rikersəfər zamanı ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə edəcək.
Məlumatda deyilir ki, Filip Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə bir araya gələrək, Gürcüstanın siyasi partiyaları arasında aprelin 19-da imzalanan sazişi, Rusiyanın davamlı təcavüzü və işğalını müzakirə edəcək.
Dövlət katibinin köməkçisi Ermənistan və Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşərək ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək.
Amerikanın səsi