Hakimiyyət minaların yeni basdırıldığını niyə danır?

Hakimiyyət jurnalistlərin ölümünə səbəb olan minaların yeni basdırıldığını danır, halbuki, videoda bu, açıq-aydın görünür.

 

Danmaqda məqsəd odur ki, sərhədlərimizə tam nəzarət etmədiyimizi etiraf etmək istəmirlər.

 

Ordumuzun azad etdiyi ərazilərin bir hissəsi nəzarətsiz qalıb, çünki əhali ora köçürülmür. Düşmən məhz o ərazilərdən girib gizlincə mina basdırır.

 

Bundan əvvəl də məhz nəzarətsiz ərazidə, daha dəqiq ifadə etsək, daimi nəzarətin olmadığı ərazidə mina partlamışdı. Yadınızdadırsa, fevralın 4-də itkin düşən Füzuli sakinləri İlqar Əhmədov və Müstəqim Ələsgərovun fevralın 7-də cəsədləri tapılmışdı. Cəsədlərin 3 gün sonra tapılması o yoldan günlərlə insan keçmədiyini, tank əleyhinə minanın partlamasının gurultusunu eşidəcək məsafdə kimsənin olmadığını, deməli düşmənin orada gizlincə mina basdırmaq üçün imkanı olduğunu ortaya çıxarmışdı.

 

Nə qədər ki, əhali Qarabağa köçməyib, minalar azalmayacaq, əksinə artacaq.
Əhalinin ora köçürülməməsinin səbəbi isə başqadır. Hakimiyyət istəsə, ən azı minadan təmizlənmiş, yaxud mina olmayan əraziyə əhalini yerləşdirə bilərdi. Məsələn Şuşa və Hadruta. Amma yerləşdirmir. Çünki, məqsədi başqadır.
Hər bir qarabağlının öz dədə-baba yurduna sahib çıxmaq ümidi vardı. Bu 7 ayda həmin ümidləri öldürdülər. Bir çox insanlar divarların qalıqları ilə, öz ata yurdlarının yerini müəyyən edə bilərdi. İndi o qalıqları da buldezirin ağzına verirlər ki, insanlar tanıyıb iddia qaldırmasın.

 

Azad olunan əraziləri özününküləşdirir, burada təsərrüfatlar yaradırlar. Ora qayıtmaq istəyənləri isə “ağıllı qəsəbə” adı altında insanların hər addımının polisin nəzarətində olduğu, hətta qonaq çağırmaq üçün məmurdan icazə alındığı, “Qayıdış” qəsəbəsi kimi yaşayış məntəqələrinə doldurmaq niyyətindədirlər. Etirazla üzləşməsələr, belə də olacaq, Qarabağda özlərindən, öz şirkətlərindən başqa heç kəsə mülkiyyət hüququ tanımayacaqlar.

 

Mustafa Hacıbəyli
Basta