Uçuş qaydalarında dəyişikliklər
Nazirlər Kabineti koronavirus pandemiyası dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımağın təşkili qaydalarını yeniləyib. Novator.az bildirir ki, sənədin ümumi göstərişlər hissəsində dəyişikliyə görə, Azərbaycandan yola düşən sərnişinlərin koronavirusa dair PCR testindən keçirilməsi tələbini təyinat məntəqəsində müəyyən edilmiş qaydalar əsasında aviadaşıyıcı tənzimləyir.
Belə müayinə xərclərini sərnişinlərin özləri ödəyir. Ölkədə uçuşlar zamanı sərnişinlərdən PCR testi barədə arayış tələb olunmur, Bakının beynəlxalq aeroportuna gələn sərnişinlərdən PCR testi keçirilməsi məqsədilə yaxmalar götürülür.
Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar sərnişinləri reysə şərtlərlə qəbul edir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün şərtlər belədir: yaşı 18-dən yuxarı sərnişinlərdən koronavirus pasportu (tam peyvənd olunmasını və ya koronovirusdan sağalaraq immunitetə malik olmasını təsdiqləyən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd istənir; 1-18 yaş arasında sərnişinlərdən uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd tələb olunur.
Azərbaycan vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd təqdim etməlidir.
Sərhəd nəzarətindən keçərkən sənədləri bu tələblərə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.
Başqa bir əsas yeniliyə əsasən, aviareyslərdə əl yükünün daşınmasına qadağa aradan götürülür.
Yeni növ koronavirus infeksiyası 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyüb. Beynəlxalq statistikaya görə, infeksiya 208 ölkə, ərazi və məkanda 3 milyon 777,2 mindən çox adamın ölümünə gətirib.
Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb, 2021-ci il iyunun 10-dək ümumilikdə 334917 nəfər yoluxub, onların 4948-i vəfat edib.
Novator.az