O yurd bizi çağırır

 

“Hay”ların ölçüyəgəlməz məkrliklə, üstündə 30 il oturub tərpənmədikləri bu
torpaqlardan, dovşan kimi necə qaçdıqlarını, nitqi batmış dünya ictimaiyyəti
özünəməxsus soyuqqanlıqla müşahidə etdimi?!

 

Nəinki əl-ayaqlarını, qollarını, gözlərini − bütünlüklə həyatlarını bu 44 gündə qurban verib, əzizlərini gözü yaşlı qoyan vətən oğullarının hünəri birdəfəlik bağlanmış kimi görünən bu yolları açdı. Bu cür münaqişələri alovlandırıb, millətlərin qanını axıtmaqla dünya hegemonluğuna sahib çıxan “ağa”ların yalnız təəccübü göründü.

 

Belə olduğu halda, daha da qüvvətli görünmək lazım deyilmi? Yalnız o zaman yas libasını sıyırıb atmaq olar. Bunun üçün, hərdən-bir bahalı maşınların içindən, zibil qutularından gündəlik çörəkpulu çıxaranlara, işsizlikdən neylədiyini bilməyərək, küncdə-bucaqda “toplaşan” gənclərə də nəzər yetirmək yaxşı olar. Yalnız baxmaq kifayət deyil, həm də öz övladlarını onların yerində təsəvvür etmək lazımdır. Heç kimə sirr olmayan kütləvi işsizliyin törətdiyi fəsadın dairəsi dayanmadan genişlənir. Ailələrdə qətllər, özünə qəsdlər baş alıb gedir.

 

İqtisadçı cənablar minimum da olsa, bir neçə fabrik, zavod açıb işlətməyin qeyri-mümkünlüyünü təsdiq edərlərsə, onda niyə də ölkə əhalsinin işsiz cavanlarına digər variant axtarılmasın. Məgər onları könüllülük əsasında işğaldan azad olunmuş bölgələrdə görüləcək işlərə cəlb etmək olmazmı? İstər ixtisaslı, istərsə də qeyri-ixtisaslı işsiz gənc düşmən tərəfindən xarabaya çevrilmiş ərazilərdə işləməkdən qaçmaz, bundan daha da qürurlanar. Niyə Sovet hökuməti Azərbaycanın gənc nəslini səfərbər edərək, Dövlət Əmək Komitəsi xətti ilə “BAM − Baykal Amur Magistralı” adlı tikinti işlərinə
cəlb etmişdi, bu işin həyata keçirilməsi mümkün oldu, amma indi işsizlikdən əziyyət çəkən gəncləri ölkənin ağır vəziyyətinə cəlb etmək nədən mümkün olmasın. Belə halda nəfsini hələ də Qararbağdan yığa bilməyən düşmən diversantları da sərhəddəki pusqularından rədd olub gedərlər.

 

Yoxsa ölkənin bu cür problemləri sülhməramlıların işidir? Milli Məclisin
deputatlarından bu məsələlər üzrə ixtisas seçimi edərək müvafiq bir komitə yaratmaq nə çətin bir işdir? İndiki vəziyyətdə onlar kürsürlərdə oturub danışmaqla deyil, əməli işlərlə məşğul olsalar, müsbət nəticələr əldə edilə bilər.
İnsanlar uzun müddət həsrət qaldıqları yurdalarına, orada dəfn olunmuş əzizlərinin ruhlarına qovuşmaq arzusunun reallaşacağını hər an gözləyirlər. Bunun üçün yalnız mənəvi dəstək tələb olunur.

 

Nəzakət Muradova,
Cəbrayıl rayonu, Quycaq kəndi