Əsirlərin mina xəritələri müqabilində qaytarılmasının detalları açıqlandı

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın təhvil verdiyi 15 Ermənistan hərbçisinin siyahısını və fotosunu paylaşıb.

 

O bildirib ki, bu məsələ ABŞ Dövlət katibinin köməkçisi Filip Rikerin iki gün əvvəl Azərbaycana və Ermənistana səfəri çərçivəsində müzakirə edilib.

 

Paşinyan eyni zamanda qeyd edib ki, bu mübadilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin və Avropa Birliyindəki “tərəfdaşların” səyləri nəticəsində baş tutub. Başqa sözlə, Paşinyan dolayısı ilə bu məsələdə Rusiyadan başqa az qala hər kəsin rol oynadığını ifadə edib. İstisna deyil ki, Paşinyan bununla iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament  seçkiləri ərəfəsində  rusiyayönümlü müxalifətin mövqelərini zəiflətməyə çalışıb.

 

Ermənistan tərəfi azad olunan hərbçilərin müqabilində Azərbaycana işğaldan azad edilmiş Ağdam rayonunda basdırılmış minaların xəritələrini təqdim edib. Bildirilir ki,  həmin xəritələrdə   97 min ədəd piyadalar və tank əleyhinə minanın yeri göstərilib.

 

Qeyd edək ki, rəsmi Bakı Azərbaycan ərazisində saxlanılan Ermənistan hərbçilərinin əsir yox, terrorçu-diversant olduğunu və onların atəşkəs dövründə ələ keçirildiyini bildirir.

 

Basta