ABŞ Azərbaycan və Ermənistanın addımlarını alqışlayır

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken iyunun 12-də bəyanat yayaraq, ABŞ-ın Azərbaycanın 15 erməni məhbusun Ermənistana təhvil verməsini və onların ailələrinə geri dönmələrini alqışladığını bildirib. Dövlət katibi həmçinin Ermənistanın “humanitar minatəmizləmə işlərini asanlaşdıracaq və gələcək tələfatların qarşısını alacaq mühüm məlumatları” Azərbaycanla bölüşmək qərarını da alqışlayıb.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar bu addımları dəstəkləməkdən məmnundur və onların əlavə əməkdaşlıq üçün zəmin hazırlayacağına ümid bəsləyir. “Biz bütün məhbusların qaytarılmasına çağırırıq və regiondakı ölkələrin əməkdaşlığı davam etdirmək və aralarındakı qalan məsələləri həll etmək səylərinə yardım etməyə hazırıq”, bəyanatda bildirilir.

 

Antoni Blinken həmçinin Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə hərtərəfli siyasi həll yolu tapmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında substantiv danışıqlara qayıtmağa çağırıb.

 

Amerikanın səsi