Ermənistan hərbiçilərinin növbəti qrupu məhkəmə qarşısına çıxarılıb

İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Azərbaycanda saxlanılmış 13 erməni hərbiçinin işi üzrə hazırlıq iclası keçirilir.

 

Müttəhimlər kürsüsündə Astanyan Yeqişe, Aramyan Karen, Avakyan Tiqran, Qevorkyan Qriqor, Maunkyan Ovsep, Martirosyan Qevorq, Qevorkyan Robert, Avetisyan Vaqarşak, Akopyan Volodya, Sukiasyan Andranik, Manukyan Andranik, Saqatelyan Qriqor və Kiraqosyan Eduard əyləşib.

 

Cinayət işi üzrə istintaqı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi aparıb.

 

Adı çəkilən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin 13 dekabr 2020-ci il tarixində Hadrut yaxınlığında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində saxlanıldığı müəyyən edilib.

 

Onlar Azərbaycan ərazisinə 26-27 noyabr tarixlərində (10 noyabr atəşkəs bəyannaməsinin imzalanmasından sonra) daxil olublar və hərbiçilərə və dinc sakinlərə qarşı terror aktları və digər cinayətlər törədiblər.

 

Qeyd edək ki, həmin əməliyyat zamanı 60-dan çox erməni hərbiçi ələ keçirilib. Onların bir qismi azad edilib, digərləri üç qrupa bölünüb və məhkəmə qarşısına çıxarılacaqlar.

 

Müttəhimlər 214.2.1, 214.2.3 (terrorçuluq, bir qrup şəxs tərəfindən törədildikdə); 228.3 (qanunsuz silah və partlayıcı maddə əldə etmə); 279.2 (müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı-şəxslərə hücum); 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrlə ittham olunurlar.