Moskvaya növbəti dron hücumu: yanğın və partlayışlar

Avqustun 10-na keçən gecə Rusiyada hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki pilotsuz təyyarəni vurub. Bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr səhər saat dörd radələrində biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində vurulub. O, başqa təfərrüatları açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi bunu “Kiyev rejiminin terror aktları törətmək cəhdi” adlandırıb.

Moskvanın Vnukovo və Domodedovo hava limanlarında avqustun 10-na keçən gecə təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edilib. “Vnukovo”nun mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər ki, “hava limanından asılı olmayan səbəblərə görə” saat 02:43-dən 05:15-dək təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edilib. Domodedovo bildirib ki, məhdudiyyətlər “uçuşların təhlükəsizliyinə əlavə tədbirləri təmin etmək məqsədilə” tətbiq edilib.

Avqustun 10-na keçən gecə Moskva yaxınlığındakı Domodedovo şəhərində də yanğın və partlayışlar qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildirilib ki, Konstantinovo kəndində avtoservis yanır, yanğının sahəsi 1000 kvadratmetrdir. Yanğının səbəbi açıqlanmır.

BBC Rus Xidmətinin məlumatına görə, Domodedovo hava limanı bu yerdən təxminən 10 kilometr aralıda yerləşir.

 

Basta