Təbrizdə etiraz aksiyaları keçirilib-VİDEO

Son iki gündə Təbrizin bir neçə bölgəsində müxtəlif problemlərlə bağlı üç etiraz aksiyası keçirilib.

 

Verilən məlumatlara görə, iyunun 29-da bir qrup həkim və əczaçı Təbriz Tibb Elmləri Universitetinin binası qarşısında toplaşıb.

 

Onlar əmək haqlarının azlığına, qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına və Həkimlər Birliyinin irəli sürdüyü tələblərin əlaqədar dövlət qurumları tərəfindən cavabsız qalmasına etiraz ediblər.

 

Səhiyyə işçiləri dövlətin nəzarətində olan mətbuatın qərəzli mövqeyini qınayıb, üzərində “Həkimlər Birliyi yalqızdır, mətbuatın yaydığı şayiələrə inanmayın” məzmunlu plakat qaldırıb,  vərəqələr yayıblar.

 

Təbrizin “Oğlu” şəhərciyinin sakinləri isə içməli su probleminə etirz edib. Onlar ara-sıra verilən suyun istifadəyə yararsız olduğunu bildiriblər.

 

Su İdarəsinin qarşısında və şəhərin müxtəlif yerlərində toplaşaraq narazılar əlaqədar təşkilatların və məsulların onların problemlərinə laqeyd yanaşdıqlarını bildiriblər.

 

Eyni halda bu gün səhər saatlarında Təbrizin “Vadi Rəhmət” qəbristanlığında müqavilə və kirayə qarşılığında çalışan cənazə maşınlarının sürücüləri, cənazə maşınlarını şəhər küçələrində sürərək əmək və kirayə haqlarının ödənilməməsinə etiraz ediblər.

 

Bu gün günorta saatlarında isə Şərqi Azərbaycan əyalətinin Telekommunikasiya Şirkətinin işçiləri qurumun rəhbərinin ofisi qarşısında əmək haqlarının  gecikdirildiyinə etiraz ediblər.

 

 

 

Günaz. TV