Əbədiyyətə incik gedən ŞƏXSİYYƏT
Nəzakət Muradova yazır…
-Onun həddindən artıq gözlənilməz ölümü həyatın mürəkkəb sürprizlərlə dolu olduğunu bir daha sübut etdi. Bir gün yaranan hər bir insanın getməli olduğu bu yolda yalnız onun əməlləri qalır.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə və onun 87 nəfər silahdaşlarının, cümhuriyyətçi Şuşa və İrəvan ziyalılarının, 1920-ci ildən başlayaraq hər bir onillik boyu rus-bolşevik imperiyasına qarşı mübarizə yolunda həyatlarını fəda etmiş soydaşlarımızın indiki nəslə tanıdılmasında Nəsiman Yaqublunun əməyi əvəzolunmazdır.
Günlərlə, həftələrlə, aylarla Azərbaycan, Türkiyə, Rusiya, Avropa ölkələrinin arxivlərində işləyərək, cümhuriyyət dövrü mətbuat orqanlarını tapır, bizim cümhuriyyətçi mühacirlərimizin yazılarını özü ilə gətirərək nəşrə hazırlayırdı. Ailə üçün çörək qazanmaqla bərabər bu işləri heyrətamiz bir qüvvə ilə həyata keçirirdi. Sanki o, cismən yox, ruhən işləyirdi.
Bu baxımdan N.Yaqublunun böyük bir planı var idi – M.Ə.Rəsulzadə əsərlərinin 11 (on bir) cildliyini nəşr etdirmək. Dəqiq hesablamışdı ki, Rəsulzadənin ilk fəaliyyət dövründən başlayaraq, 1955-ci il martın 5-dən 6-na keçən gecə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək, həsrətində olduğu vətənlə vidalaşması on bir cildə sığacaq. M.Ə. Rəsulzadənin 2 (iki) cildi Azərbaycan xalqına təqdim olunub. 3-cü cildin materialları isə demək olar ki, nəşrə hazırdır. Bu yaxınlarda mətbəəyə təqdim edəcəkdi.
Lakin hansısa bir qüssə adamı tərk etmir. N.Yaqublu bu cür cani-dildən işlədiyinə baxmayaraq, son vaxtlar həddindən artıq incik danışır, yorğun halda kimlərdənsə şikayətlənirdi. Deyirdi ki, elə bil məni məqsədyönlü olaraq bu işdən bezdirirlər.
Bir müddət ona yazıların tamamilə indiki dilə çevrilməməsini irad tutdular. O isə tarixçi alimlərlə məsləhətləşərək o dövrün yazı stilini qismən saxlamağa üstünlük verdi. N.Yaqublunun biruzə vermədiyi, lakin mənim duyduğum bir hissi də – maliyyə sıxıntısı – öz acılığını yaşadırdı.
Bir sözlə, amansız əcəl imkan versəydi, M.Ə.Rəsulzadənin arxivlərdə qalan, əsr boyu xalqa çatdırılmayan deyimləri mükəmməl olaraq gəncliyimizə təqdim olunacaqdı. İndi bu yol öz yolçularını gözləyir. Buyurun, yol sizindir, əziz həmvətənlər!
Basta2