İranda su üsyanı böyüyür: 4 şəhərdə izdihamlı aksiyalar keçirildi, polis kütləyə güllə atdı – VİDEO

İyulun 22-si axşam saatlarında İranın Xuzistan əyalətində su üsyanının 8-ci günündə rejimə qarşı etirazlar davam edib.

 

Etirazlar bu dəfə həm də Loristan, Buşehr və İsfahan əyalətlərinin bəzi məntəqələrinə də yayılıb.

Sosial şəbəkələrdə yayılan foto və video materilallardan aydın olur ki, Loristan əyalətinin Əliqudərz şəhərində Xuzistan etirazçılarına dəstək verən əhali küçələrə axışaraq, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

 

Etirazçılar həmçinin küçələrdən birinin ortasında iri maşın təkərləri yandıraraq, hökumətin repressiv və yaraqlı qüvvələrinin sərbəst hərəkətinə mane olmaqla onun irəliləməsinin qarşısını alıblar.

Hökumət qüvvələri isə həmişə olduğu kimi dinc etirazçılara odlu silahlardan atəş açıblar. Bildirilir ki, atəş nəticəsində bir neçə etirazçı güllə yarası alaraq yerindəcə həlak olub, onlarla nəfər isə yaralanıb.

 

 

İsfahanın Şahinşər şəhərində isə etirazçılar gecə saatlarında hakimiyyətə qarşı şüarlar səsləndirib, rəhmsiz, qəddar və talançı molla rejiminin ölkə əhalisini, o cümlədən də Xuzistanın ərəb xalqını susuzluqda, yoxsulluqda və fəlakətdə saxlamasına etiraz bildiriblər.

Yayılan məlumatlara əsasən, dünən Xuzistanın Mahşəhr və Şadqan şəhərlərində isə su üsyanı əvvəlkinə nisbətən daha kəskin şəkildə davam edib və dinc aksiyaçılar “Xamneyiyə ölüm”, “İslam Respublikasına ölüm”, “Biz susuzuq, haqqımızı istəyirik” şüarları səsləndiriblər.

 

Hökumət qüvvələrinin zorakılığı, odlu silahlardan atəş açması belə üsyançıları dayandırmayıb.

Yayılan bəzi videolarda isə etirazların Buşehr əyalətinin Bəndər Genavə və Borazcan şəhərlərində davam etdirildiyi bildirilir.

 

 

Sosial şəbəkələrdə yayılan videolardan da göründüyü kimi, hakim teokratik qəddar rejimin repressiv qüvvələri etirazların keçirildiyi bütün şəhərlərdə gənc aksiyaçıkara odlu silahlardan atəş açıblar.

 

Dünənki etirazlarda rejimin qırğın maşını tərəfindən qətlə yetirilən etirazçıların sayı və adları hələlik bəlli deyil. Yayılan bir video isə küçə qarşıdurmalarında güllə yarası alaraq qətlə yetirilən və ya yaralanan aksiyaçıların valideynlərinin xəstəxanalardan birinin qarşısında toplaşdığı və öz balalarından xəbər tutmağa çalışdığı bildirilir.

 

Yayılan son məlumata əsasən, hazırda Xuzistan əyalətində və qonşu bir neçə digər əyalətdə vəziyyət son dərəcə gərgindir və hakimiyyətə bağlı silahlı qüvvələr vəziyyətə nəzarəti əl almağa çalışırlar.

 

 

Günaz TV