Təbrizdə milli fəal Şahin Bərzgər həbs olunub

Təbriz şəhərindən olan milli-mədəni fəal Şahin Bərzgər iyulun 22-i, axşam saatlarında təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

 

Onun hansı səbəbə görə saxlanıldığı və hara aparıldığı barədə məlumat yoxdur.

 

Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda digər milli fəallarla birlikdə Təbrizdə saxlanılmışdı.

 

Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik təşkilatına məxsus təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

Ötən nilin avqust ayında Şərqi Azərbaycan Apellyasiya məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən milli fəalın cəzası 3 aya düşürülüb və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəz edilmişdi.

 

Bununla yanaşı daha əvvəl Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət vermişdi.

Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

 

Günaz TV