Atmacalara cavab

Mustafa Hacıbəyli

 

Biri sətiraltı söz atır ki, Leyla Yunusun böhtanlarına ona görə cavab vermirsiz ki, onun əliylə qrant alırsız. Biri də atmaca atır ki, İranın əleyhinə ona görə yazırsız ki, Qərbin rəğbətini (qrantını) qazanasız.

 

Azərbaycanda müxalif siyasi partiyanın xaricdən qrant alması qeyri-mümkündür – dərisini soyarlar. Müsavatdan olsa-olsa “Basta” saytı üçün media orqanı olaraq qrant almaq olardı, amma… Qanunu pozmadan qrant almaq mümkün olmadığı üçün (Ədliyyə Nazirliyi heç vaxt həqiqi müstəqil və müxalif mövqeli qurumun qrant layihəsini qeydiyyatdan keçirməz) buna heç cəhd də etməmişik.

 

Başqa media orqanları kimi oxuculardan ianə də istəməmişik.

 

Heç vaxt kasıbçılığımla qürur duymamışam. Məsələn, gündəlik çörək-ərzaq aldığım dükandan nəyisə nisyə götürmək üçün, ərkim keçən satıcının “smenə” çıxmasını saatlarla gözləmişəm. Amma kasıbçılığa görə o qədər də utanmıram da. Bir təsəllim var ki, biz vicdan və dolanışıq seçimi qarşısında qalanda vicdanı seçmişik. Çalışdığım qəzetlər çalışdığım vaxt (o cümlədən mənim sayəmdə) ən populyar qəzetlər olub. Amma rəhbərlik satılanda mən vicdanı və kasıbçılığı seçmişəm. Yüksək maaşdan, hakimiyyətdən ev və imtiyaz almaq imkanından imtina etmişəm.

 

Ona görə, bu gün suya 200 manat, qaza 763 manat, banklara bundan 30 qat (!) artıq borcum var.

 

Amma ruhdan düsmürəm – bacardığım qədər cəmiyyət və mənsub olduğum düşərgə üçün faydalı olmağa çalışıram, üstəlik 3 övlad böyüdürəm, onların ən yaxşı universitetlərdə təhsil alması üçün əlimdən gələni edirəm.

 

Bu bildirişləri, xəbərdarlıqları da ona görə dərc edirəm ki, Müsavata qarşı ağlasığmaz ittihamları oxuyan vicdanlı oxucular, əslində vəziyyətin nə yerdə olduğunu və bizim hansı şərtlər altında mübarizə apardığımızı bilsinlər.

.
Нет описания фото.
.
Возможно, это изображение (текст)