Arif Hacılı: “Azərbaycanda Əliyevi tənqid etmək daha asandır, nəinki Xameneyini”

Milli Məclisin sədri Sahibə Qafarovanın İran prezidenti Rəisi ilə görüşündə Azərbaycan bayrağının olmaması müzakirəyə səbəb olub. Politoloq Şahin Cəfərli sosial şəbəkədə paylaşdığı yazıda bunu “bayraq hay-küyü” adlandırıb və müxalifəti tənqid edib. Müsavat başqanı Arif Hacılı tənqidə cavab verib. Hər iki yazını təqdim edirik: 

 

Şahin Cəfərli:

 

Возможно, это изображение (1 человек, сидит, кирпичная стена и в помещении)

“Bayraq hay-küyü barədə.

 

Bizim müxalifət hələ də qəbul etmək istəmir ki, həm ölkə maraqları, həm də onların (müxalifətin) öz siyasi maraqları baxımından bu regionun əsas oyunçuları olan Rusiya və İranla düşmənçilik etmək doğru yol deyil. Xoşumuza gəlsə də, gəlməsə də, bölgəmizin reallığı budur və uzun müddət belə də qalacaq.

 

Heç kim demir ki, siyasətçilərimiz bu dövlətləri tənqid etməsin, iranpərəst, rusiyapərəst olun. (Bu məsələdə mənim şəxsi mövqeyimi bilirsiz.) Əksinə, əsaslı səbəb olanda tənqid etmək, ortaya qəti mövqe qoymaq zəruridir, çünki Azərbaycan siyasətçilərinin təməl vəzifəsi Azərbaycan xalqının və dövlətinin maraqlarını qorumaq, təmin etməkdir. Lakin bunu siyasi korrektlik və dövlət ciddiyyəti çərçivəsində etmək lazımdır, düşmənçilik aşılamaqla, nifrət nitqləri ilə yox.

 

Qoy, ictimaiyyət səviyyəsində, mediada insanlar istədiyini desin və yazsın: tutaq ki, Jirinovskiyə, yaxud İranda (eləcə də, Avropada, ABŞ-da, başqa yerdə) Azərbaycan əleyhinə səslənən bəyanatlara, mövqelərə ən sərt, ən ağır cavablar verilsin, bunu qadağan etmək olmaz. Amma ciddi və iddialı siyasətçilər – istər hakimiyyətdə olsun, istər müxalifətdə – ölkənin və xalqın taleyinə görə məsuliyyət hiss etməli, siyasətini və ritorikasını buna uyğun qurmalıdır.
Məsələn, Azərbaycanın siyasi liderləri “Güney Azərbaycan bizimdir!”, “Dərbənd bizim olacaq!” deyə bilər və bu tip bəyanatlar ölkə daxilində çoxlarının ürəyindən olar, alqış toplayar. Amma bu, sonda ona səbəb ola bilər ki, bir gün Bakı da əldən çıxar. (Tarixçilər, ədəbiyyatçılar, jurnalistlər, ümumən vətəndaşlar əlbəttə ki, bunları deyə və yaza bilər, onu yasaqlamaq olmaz.)

 

Müxalifət düşərgəsində 90-cı illərdən qalma bəzi təsəvvürlərə indi də rast gəlirik ki, biz (ölkə və siyasi qüvvə olaraq) Rusiya və İrana qarşı nə qədər sərt mövqedən çıxış etsək, bir o qədər Qərbin dəstəyini qazanarıq. Bu da yanlışdır. Əksinə, bu tip siyasətçilər və siyasi qüvvələr Qərbi də qorxudur. Məsələn, Gürcüstanda güclü müxalifət və müxalif mövqeli vətəndaş cəmiyyətinin olmasına baxmayaraq, İvanişvili hökumətinin bu qədər davam gətirməsinin səbəblərindən biri budur ki, əsas alternativ qismində hələ də Saakaşvili çıxış edir, Qərb isə Rusiya ilə körpüləri yandırmış və daxili düşmənlərinə qarşı revanşist əhval-ruhiyyədə olan Mişanın qayıdışında maraqlı deyil. Bu səbəbdən İvanişvilinin yarımavtoritar rejim qurmasına, seçkilərin nəticələrinə “əl gəzdirməsinə”, müxalifətə qarşı ara-sıra həyata keçirdiyi repressiyalara dözümlü yanaşırlar”.

 

 

Arif Hacılı:

 

Возможно, это изображение (1 человек)

“Rusiya Azərbaycana qarşı hərbi, İran isə mənəvi ekspansiya siyasəti yürüdür.

 

Son dövrlərdə xeyli uğurlara nail olublar. Rusiya Azərbaycan ərazisinə öz hərbi qüvvələrini yerləşdirib. İran isə ölkəmiz daxilində elə güclü şəbəkə yaratmağa nail olub ki, İranın hətta Ermənistanla açıq qardaşlıq siyasətini tənqid etmək belə böyük əks reaksiyaya, təhqir və təhdidlərə, hədə-qorxulara səbəb olur.

 

Açıq deyirəm, bu gün Azərbaycanda İlham Əliyevin siyasətini tənqid etmək məsələn, Xameneyinin siyasətini tənqid etməkdən daha asandır. Daha az təhlükəlidir”.

 

Bizim Ermənistan-İran, Ermənistan-Rusiya münasibətləri, həmçinin ərazi bütövlüyümüz, milli hüquqıarımız barədə mövqeyimiz qərbin heç xoşuna gəlmir.

 

Ona görə də, guya bizim qərbin xoşuna gəlmək məqsədi ilə İranı tənqid etməyimiz barədə dedikləriniz çox ədalətsizdir.

 

İndi beynəlxalq siyasətdə Rusiya ilə Fransanın mövqelərinin üst-üstə düşdüyü bəlkə də yeganə məsələ Qarabağ məsələsidir.

 

Və ya elə Kəngər körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsi Aİ tərəfindən maliyyələşdirilsə təəccüblənmərəm.

 

Məncə Saakaşvilinin yürütdüyü siyasət şəxsən onun özü üçün problemlər yaratsa da gürcü xalqı üçün tarixi əhəmiyyət kəsb etdi.

 

Saakaşvili yoxsulluq, səfalət, korrupsiya içində boğulan bir ölkəni böhrandan çıxarıb düzgün istiqamətə yönəltməyə nail oldu.

 

Riyakarlıq etmədən xalqına dostun kim, düşmənin kim olduğunu birmənalı şəkildə göstərdi. Cəmiyyətin inkişaf səviyyəsi bizdən çox da fərqli olmayan bir ölkədə hüquqi dövlət, azad cəmiyyət yaratmağa, Rusiya ilə bağlı müəyyən problemlər davam etsə də, ölkəsinin tam təhlükəsizliyinə və təminatlı inkişafına nail oldu.

 

İndi eynisini mövcud resursları çərçivəsində Ukrayna üçün etməyə çalışır.
Gürcüstanın, Ukraynanın, Moldovdnın seçdiyi yolun nə qədər düzgün ölduğu əslində indi də görünür. Yaxın illərdə isə daha aydın, hər kəsin görə biləcəyi qədər aydın görünəcək.

 

Hakimiyyətə gəlmək məsələsi.

 

Biz (mən) yalnız hakimiyyətə gəlmək naminə hakimiyyət uğrunda mübarizə aparmırıq.

 

Biz hakimiyyətə gəlib Azərbaycanı indiki durumdan çıxarmaq, təhlükəsizliyi təmin olunmuş, hüquqi, dünyəvi dövlət, azad cəmiyyət qurmaq uğrunda mübarizə aparırıq.

 

Əgər biz müxalifətdə olanda da dövlətin və xalqın dostunu və düşmənini barmaqla göstərə, gözlənilən təhlükələr barədə açıq danışa bilmiriksə bunu nə vaxt edəcəyik?

 

İndi, xüsusilə beynəlxalq siyasətdə haqqını tələb etməyənlərin, haqqı uğrunda mübarizə aparmayanların haqqı tanınmır.

 

Özümüzü Rusiya, İran kimi dövlətlər qarşısında nə qədər müti aparsaq bir o qədər üzərimizə gələcəklər.

 

Tarix bunu dəfələrlə təsdiq edib.

 

 

Hay-küy dediyiniz bayraq, misal gətirdiyiniz Mustafa Şentop barədə.

 

Mustafa Şentop Rəisi ilə həmin qaydada görüşdüyünə görə Türkiyədə ciddi tənqid olunur. İstefası tələb edilir. Hərgah o Rəisin hüzurunda əlində dəftər-qələmlə sıraya düzülmüş nümayəndə heyəti ilə oturmamışdı.

 

Dövlət rəhbərləri şəkil çəkdirərkən yerə dövlət bayraqları yapışdırılır.
Prezident Ərdoğan Türkiyə bayrağını qaldırıb döş cibinə qoydu.
Xatırlayırsızmı?

 

Və ya başqa dövlətin rəsmi şəxsi gələrkən ayağa durmamaq üçün əvvəlcədən ayaq üstə gözləmək kimi sadə diplomatik qaydalar var”.