Azərbaycan və Türkiyə sülhməramlıları Əfqanıstanda hava limanını qoruyur
Rəsmi Bakı Azərbaycanın sülhməramlı əsgərlərinin Türkiyə qüvvələri tərkibində Əfqanıstanda missiyalarını davam etdirdiklərini bildirib.
“Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir”, – Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.
Bazar günü bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Taliban Əfqanıstanın paytaxtı Kabili ələ keçirib və qəlibiyyətini elan edib.
“Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, – Azərbaycan MN-in bəyanatında deyilir.
Qurum “Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyətin yaxından izlənildiyini” də bildirib.
Əfqanıstanda və Kabildəkı vəziyyətin diqqətlə izlənildiyini Türkiyə mənbələri də qeyd edib.
Bazar ertəsi günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla söhbəti zamanı Əfqanıstanda Türkiyə və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Son dövrlərdə Türkiyə Əfqanıstanda NATO qüvvələri tərkibində təxminən 600 nəfərlik hərbi kontingetlə iştirak edib və bu heyətin əsas vəzifəsi Kabil beynəlxalq aeroportunun təhlükəsizliyini təmin etmək olub.
Vəziyyət dəyişib
Bir neçə ay bundan əvvəl ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxacağı qərarı veriləndən sonra Qərbin nəzərləri Türkiyəyə tərəf yönəldi.
ABŞ və NATO Türkiyədən Əfqanıstanda vəzifəsini, yəni Kabil beynəlxalq aeroportunu qorumağa davam etməyi xahiş etdi.
Türkiyə bu xahişə pozitiv reaksiya verdi və müvafiq hazırlıqlar görməyə və danışıqlar aparmağa başladı.
Lakin Ankara Kabildəki aeroportun təhlükəsizliyinin təmin edilməsilə bağlı həm ABŞ, həm Talibanla danışıqlar apardığı bir vaxtda talibançıların Kabili mühasirəyə alması türk mənbələrinə görə, “vəziyyəti dəyişib”.
Əfqanıstanda baş verən hadisələrlə bağlı Türkiyənin diplomatik mənbələri BBC Türkcəyə bildiriblər ki, Türkiyə səfirliyinin əməkdaşlarının Kabil səfirliyinin və türk əsgərlərinin Əfqanıstandan təxliyə edilməsinə dair qərar verilməyib və hazırda “hadisələr diqqətlə izlənilir.”
BBC