Azərbaycan-ABŞ gərginliyi: Ağ Ev hərbi yardımları dondurur, Bakı ABŞ-ın vasitəçiliyindən imtina edir
Azərbaycan ABŞ Konqresində dinləmələrdən sonra, Ermənistanla sülh prosesi çərçivəsində Washington görüşlərindən imtina edib.
Rəsmi Bakı həmçinin, ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü “yersiz” hesab etdiyini açıqlayıb.
Noyabrın 15-də ABŞ diplomatı James O’Brien Konqresdə çıxışında deyib ki, Qarabağdakı sentyabr hərbi əməliyyatlarından sonra Azərbaycanla münasibətlər “əvvəlki kimi” olmayacaq.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. “Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, nazirlik deyib.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi James O’Brien Konqres qarşısında çıxışında ABŞ hökumətinin Qarabağa görə Ermənistan və Azərbaycanla bağlı atacağı addımları izah edib.
“19 sentyabr hadisələrindən sonra sülh istiqamətində irəliləmə olmayana qədər Azərbaycanla heç bir şeyin normal olmayacağını ifadə etmişik. Buna görə, Azərbaycanın hərəkətlərini qınamaq üçün bir çox yüksək səviyyəli səfərləri ləğv etmişik”, – James O’Brien çıxışında deyib.
Rəsmi Bakı ABŞ-dakı dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
“Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır”, – nazirliyin yaydığı bəyanatda vurğulanıb.
907-ci düzəliş
Dinləmələr zamanı James O’Brien-in sözlərinə görə, ABŞ iki ölkə arasında sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq.
Birinci Qarabağ müharibəsindən sonra ABŞ-dan Azərbaycana birbaşa hərbi yardımları qadağan edən 907-ci düzəliş kimi tanınan sənəd qəbul olunub, amma hər il ənənəvi olaraq, ABŞ Prezidenti bu sənədin icrasını dayandıran qərar imzalayırdı.
O’Brien bildirib ki, Washington “dəfələrlə” yüksək səviyyəli təmasda Ermənistana güc tətbiqinin tamamilə qəbuledilməz olduğuna işarə edib.
“Bakıdakı hakimiyyət orqanları bizi əmin etdi ki, onların belə niyyətləri yoxdur və biz qoşunların hərəkətini və onların başqa cür planlarının ola biləcəyinə dair hər hansı əlaməti yaxından monitorinq edirik”, – O’Brien deyib.
ABŞ diplomatının sözlərin görə, onun ölkəsi sülh danışıqlarını təşviq edir və Avropa İttifaqı (Aİ) və digər tərəflərlə bu barədə danışıb.
“Qarşımızdakı bir neçə həftə tərəflərin sülh danışıqlarında xoş niyyətlə “hə” demək istədiklərini test etmək üçün kritik müddət olacaq”, – James O’Brien bildirib.
Onun sözlərinə görə, müzakirələrdə “hə” deməyin çətin olduğunu hamı bilir”.
Diplomat bildirib ki, ABŞ sentyabrdan bəri Yerevan və Bakıya 13 yüksək səviyyəli səfər təşkil edib və tərəflərlə sülh danışıqları barədə müzakirələr aparıb, onları sülhə çağırıb.
“Top Ermənistandadır!” Azərbaycan Ermənistanı sülh prosesini gecikdirməkdə ittiham edir
Ötən gün Azərbaycan Ermənistanı sülh razılaşması sənədinə cavabı gecikdirməkdə günahlandırıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial media hesabında bildirib ki, Azərbaycan sülh razılaşmasının artıq 5-ci versiyasını sentyabrda Ermənistana təqdim edib və rəsmi Yerevanın “tezliklə buna cavab verəcəyini gözləyirdi”.
Cənab Hacıyev qeyd edib ki, Ermənistan ictimai şəkildə sülh razılaşmasını imzalamağa hazır olduğunu desə də, iki aydan çoxdur ki, Azərbaycanın göndərdiyi sülh müqaviləsi sənədinə cavab vermir. Ermənistan hələ ki, bu bəyanata reaksiya verməyib.
Josep Borrell noyabrın 13-də Beynəlxalq Münasibətlər Şurasının iclasından sonra rəsmi Bakı və Yerevanı sülh danışıqlarını davam etdirməyə çağırıb və Avropa İttifaqının bu məsələdə vasitəçilik etməyə sadiq olduğunu vurğulayıb.
“Biz Ermənistan və Azərbaycan arasında danışıqların bərpa edilməsinə çağırırıq… Sülh razılaşmasının başa çatdırılmasına ehtiyacımız var və biz vasitəçilik rolumuzu davam etdirməyə sadiqik”, – Josep Borrell deyib.
Hikmət Hacıyev isə sosial media statusunda bildirib ki, Azərbaycan tərəfi sülhə hazır olduğunu təkrarən bəyan edib.
“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi tarixi imkan mövcuddur və xüsusilə Azərbaycan öz suverenliyini bərpa edəndən sonra sülh müqaviləsini imzalamaq üçün hər hansı maneə qalmayıb. İndi əsas sual Ermənistanın buna nə dərəcədə hazır olmasıdır”, – Hikmət Hacıyev X-də yazıb.
O əlavə edib ki, Azərbaycan tərəfindən beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq təklif edilən sülh müqaviləsinin mətni intensiv ikitərəfli danışıqlar hesabına tez bir zamanda yekunlaşdırıla bilər.
“Top indi Ermənistan tərəfdədir!”, – Hikmət Hacıyev qeyd edib.
Ermənistanın bu mesaja cavabı hələ ki, məlum deyil.
Borrellin “təhqiredici” ifadələri
Josep Borrell Brüsseldə Beynəlxalq Münasibətlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycanı nəzərdə tutaraq Ermənistanın ərazi bütövlüyünə qarşı istənilən zorakılığın “qəbuledilməz” oldunu deyib və belə bir addımın Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə “ağır nəticələrə” səbəb olacağını iddia edib.
“Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünə istənilən zorakılıq qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələrə səbəb olacaqdır”, – Josep Borrell deyib.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə Josep Borrellin bəyanatını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirib və onun dediklərini “regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar” adlandıraraq bəyanatı “qeyri-adekvat” və “qəbuledilməz” sayıb.
“Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır”, – Azərbaycan XİN çərşənbə axşamı günü yaydığı bəyanatda bildirib.
Azərbaycanda hökumətə yaxın Caliber.az saytı Borrellin bəyanatını təhqiredici adlandırıb.
Azərbaycan-Ermənistan görüşü
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkəsinin ilin sonuna kimi “Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu” deyib.
Ermənistanlı rəsmi bildirib ki, sülh danışıqları ilə bağlı müzakirələrin növbəti raundu Washington və ya Brüsseldə keçirilə bilər.
Azərbaycan isə müzakirələr üçün başqa məkanı münasib görür – Prezident İlham Əliyev ötən ay Gürcüstana səfər edərkən Ermənistanla sülh danışıqlarının Gürcüstanda keçirilməsi təklifini səsləndirib.
Və artıq Azərbaycan Washington görüşündən imtina etdiyini deyib.
Bundan əvvəl, tərəflər arasında İspaniyada Fransa, Almaniya, Avropa İttifaqı liderlərinin də iştirakı ilə görüş nəzərdə tutulsa da, rəsmi Bakı Fransanın “anti-Azərbaycan” mövqe tutduğunu əsas gətirərək bundan imtina etmişdi.
Noyabrın 15-də Hikmət Hacıyevlə görüşdən sonra X sosial media hesabında status paylaşan Avropa İttifaqı rəsmisi Simon Mordeau Azərbaycanı Cənubi Qafqazda “mühüm tərəfdaş” adlandırıb.
BBC azərbaycanca