Yaşar Türkazər dünyasını dəyişdi

Azərbaycan milli-azadlıq hərəkatının bayraqdarı, Müsavat Partiyasını bərpa edənlərdən biri, Qarabağ qazisi Yaşar Türkazər uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Məlumatı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib.

Bütün həyatını milli davamıza – Azərbaycanın azad və demokratik ölkə olmasına həsr etmiş Yaşar Türkazər həm də doğma dilimizə olan unikal münasibəti, məzəli ifadələri ilə seçilirdi. Məsələn, deyirdi, məndə olan xəstəlik radikulit yox, təpikulitdir. Deyir, polis məni illər boyunca o qədər təpikləyib ki, onurğamda səhiyyəyə məlum olmayan xəstəlik yaranıb.

.

Onun, aşağıda təqdim etdiyimiz bu şeiri isə bir müsavatçının manifesti olaraq tarixə düşə bilər.

Yaşar Türkazərin manifesti:

“Dedilər, başını aşağı sal işini gör.

Dedim ki, işimi görəndə başımı düz tuturam.

Dedilər, palaza bürün, elnən sürün.

Dedim, nə bürünməyi bacarıram, nə də sürünməyi.

Dedilər, hamı necə, sən də elə.

Dedim, hamı kimi olsam, özüm olmaram.

Dedilər, millətin dərdi sənə qalıb?!

Dedim, bəs kimə qalıb?

Dedilər, bir gün zopa və təpik altında öləcəksən.

Dedim, Vətən və Millət yolunda qurban getməyən baş, ağır yükdür.

Dedilər, sənin körpə balan var.

Dedim, onun özü də adı kimi Vətənin və Millətin bir zərrəsidir.

Dedilər, fikirlərini özündə saxla.

Dedim, yayılmayan fikir barsız agacdır.

Beləliklə, bütün tənələrə və təpkilərə baxmayaraq, qutsal savaşımı davam etdirirəm”.

.

Allah rəhmət eləsin

Basta