Serbiya naziri: “Ermənistana silahları özəl şirkət ixrac edib”
Serbiya rəsmisi Ermənistana silahların “özəl bir şirkət tərəfindən ixrac edildiyini” açıqlayıb.
Azərbaycan rəsmilərinin bu açıqlamaya şərhi hələlik məlum deyil.
Bu, Azərbaycanın “Serbiyadan Ermənistana minomyotlar və böyük həcmdə silah-sursat göndərilməsinə dair etibarlı və təsdiqlənmiş məlumatın olması” və bunun “yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə salmasına” dair açıqlamalarından sonra baş verir.
Bundan əvvəl Serbiya rəsmiləri məlumatı rəsmi olaraq şərh etməyib, amma diplomatik mənbələrdən BBC News Serbcəyə bildirilib ki, Ermənistana silah satışı ilə bağlı iddialar “araşdırılacaq”.
Bu məlumatın yayılması Ermənistanla Azərbaycan sərhədində silahlı qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edir.
.
Satış necə baş verib?
“Silahlar Ermənistana dörd nazirlik – Ticarət, Müdafiə, Daxili, Xarici İşlər nazirliklərindən və Kəşfiyyat və Təhlükəsizlik Agentliyindən (BİA) icazəsi olan özəl şirkət tərəfindən ixrac edilib, Serbiyanın ticarət və telekommunikasiya naziri Rasim Ljajic nova.rs saytına deyib.
Nazir bildirib ki, “dövlət şirkətlərinin bunda [satışda-red.] iştirakı olmayıb”.
“Hansı şirkət olduğunu deyə bilmərəm, amma məlum olan budur ki, o, dəyəri milyon avrodan aşağı olan, əsasən silah və tapança ixrac edib. Satış iki hissədə, may və iyun aylarında yerinə yetirilib.”
O qeyd edib ki, belə satışlara icazə “yalnız bütün nazirliklər və BİA-nın ixracata aid müsbət rəyi əsasında verilir”.
BBC News Serbcənin məlumatına görə, bu ölkədə silah satışı ilə bağlı çox sayda problemlərin yaşandığı üçün 2018-ci ildən etibarən həm özəl, həm də rəsmi satışlar üçün Müdafiə, Ticarət və Xarici İşlər nazirliklərindən, habelə BİA-dan icazə almaq tələb olunur.
“Hazırda Ermənistana qarşı Avropa İttifaqı, BMT, ABŞ və Rusiya sanksiyaları mövcud deyil və rəsmi sanksiyaların olmadığı təqdirdə, hər hansı dövlətin, bu halda Ermənistanın istəyini rədd etmək çox çətindir”, Rasim Ljajic qeyd edib.
Serbiyanın Müdafiə Nazirliyinin bir rəsmisi BBC News Serbcəyə bildirib ki, “rəsmi olaraq, Serbiya son səkkiz ildə Ermənistana heç bir silah satmayıb”.
Rasim Ljajic ölkəsinin “Azərbaycanla möhtəşəm əlaqələrə malik olduğunu” deyib: “O yaxşı dostumuz, bir ölkənin arzu edə biləcəyi qədər mükəmməl tərəfdaşdır.”
“Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik. Zənnimcə, bunun bir daha baş verməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”, o əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən serbiyalı nazirin açıqlamalarına şərh almaq mümkün olmayıb.
Ötən gün Azərbaycanın Serbiyadakı Səfirliyi bildirib ki, Serbiya Prezidentinin Administrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda, ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilib və intensiv görüşlər keçirilir, Azərtac agentliyi yazıb.
Azərbaycan “izahat istəyib”
XİN bazar ertəsi günü Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviçi nazirliyə çağıraraq ona “Ermənistana silahların göndərilməsi” ilə bağlı məlumatı təqdim edib.
Nazir müavini Xələf Xələfov Danitsa Veinoviçə “əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah-sursatın göndərildiyini” bildirib.
“O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini də qeyd edib”, XİN-in məlumatında bildirilir.
Cənab Xələfov bu məsələnin “hər zaman, o cümlədən də ikitərəfli əlaqələrin gündəliyində duran həssas bir mövzu olduğunu” və “qeyri-dost addımın Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu” bildirilib.
“X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb”, açıqlamada deyilir.
XİN rəsmisi Serbiya Respublikasından “izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini” bildirib.
XİN-in məlumatına görə, xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı “məlumatının olmadığını” deyib və “məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib”.
“İddialar araşdıracağıq”
Serbiyanın Xarici İşlər Nazirliyi hadisəyə hələlik rəsmi münasibət bildirməyib.
Amma Serbiyada adının çəkilməsini istəməyən diplomatik mənbə çərşənbə axşamı günü BBC News Serbcəyə bildirib ki, “Azərbaycan XİN Səfirliyimizdən Gürcüstan vasitəsilə Ermənistana silah satışına dair iddiaları araşdırmağı istəyib”.
O, bu iddiaların “Serbiya Səfirliyi vasitəsilə dərhal təkzib edildiyini” bildirib.
“Bu barədə məlumatımız yoxdur. Azərbaycan dostumuzdur və ölkələrimiz arasında uzun müddətdir davam edən dostluq münasibətləri mövcuddur. Bu iddiaları araşdıracağıq,” – diplomatik mənbə deyib.
Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz istiqamətində silahlı qarşıdurma iyulun 12-də başlayıb.
Ağır silahların istifadəsiylə aparılan döyüşlər insan itkilərinə səbəb olub, Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.
Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.
BBC