KIV: “Əfqanıstanın Bağlan əyalətində 300 “Taliban”çı öldürülüb”
“Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri “Taliban” silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb”.
APA xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Yalda Hakim “Twitter” səhifəsində yazıb.
Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən məlumat yayıb ki, “Taliban” döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb.
Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətin nəzarət edir.
Əhməd Məsud 90-cı illərin sonlarında “Taliban”a qarşı mübarizə aparan “Şimal alyansı”nın lideri, 2001-ci ildə həlak olan Əhməd Şah Məsudun oğludur.
Əhməd Məsud “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
“Pəncşir “Taliban”a təhvil verilməyəcək… Əgər onlar Pəncşirə nəzarət etməyə çalışsalar, biz müqavimət göstərməyə hazırıq. Biz SSRİ-yə müqavimət göstərmişik, taliblərə də göstərə bilərik”, – Məsud deyib.
Bundan başqa, o əlavə edib ki, taliblərin nümayəndələri Pəncşir müqaviməti ilə danışıqlar aparmağı rədd edib:
““Taliban” müharibənin başa çatması üçün dialoqu rədd etdi… Biz Əfqanıstanda müharibəni bitirmək istəyirik və dialoqa can atırıq… “Taliban” özünü bu cür aparmağa davam etsə, çox qalmayacaq”.
Daha əvvəl “Taliban” silahlıları hərəkatın nəzarətində olmayan Pəncşir əyalətində müqavimət lideri Əhməd Məsuda bu regionu onlara təhvil verməsi üçün dörd saat vaxt verib.