Qafan-Gorus yolu açıldı
Avqustun 27-də Qafan-Gorus avtomobil yolu açılıb. Ermənistan mediasının məlumata gorə, Azərbaycan tərəfi yolun kənarlarına bəzi hissələrdə beton panellərin qoyulması şərti ilə maşınların hərəkətinə icazə verib. Bu şərtin “təhlükəsizliyin təmin edilməsi” məqsədiylə irəli sürüldüyü bildirilir.
Daha əvvəl Ermənistan mətbuatı yolun açılması üçün Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycanla danışıqlar aparıldığı barədə məlumat yaymışdı.
***
26 avqust
Ermənistan KİV: Azərbaycan hərbçiləri Qafan-Gorus yolunu bağladı
Ermənistan mətbuatının yazdığına görə, avqustun 25-də saat 23:00 radələrində Qafan-Gorus avtomobil yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanılıb. Yaxınlıqdakı avtomobillərin təxliyə edildiyi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin magistral yolda hərəkətin bərpası üçün iş apardığı bildirilir. Qeyd edək ki, bu yolun bir hissəsi Azərbaycan ərazisindən keçir.
Bu gün səhər saatlarında bəzi teleqram kanallarında yolun artıq açıldığı haqqında məlumat yayılsa da, Şurnux kəndinin başçısı Akop Arşakyan “Sputnik Ermənistan” açıqlamasında bunu təkzib edib. O, yolun hələ də Azərbaycanın nəzarətində olduğunu bildirib.
Azərbaycan tərəfi hələlik bu məlumata münasibət bildirməyib.
Müdafiə Nazirliyinin səhər saat 9:40-da yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub: “Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.