“Məhkəmə zərərçəkmişləri dindirmir”
Vəkil Məzahir Şahmarov ağır cinayətdə ittiham olunan Sümbülə Əliyevanın məhkəməsindəki pozuntulardan danışdı
Külli miqdarda mənimsəmədə ittiham edilən Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmasında ciddi pozuntulara yol verilir.
Bu haqda vəkil Məzahir Şahmarov “Basta”nın sorğusuna cavab olaraq bildirib.
İttiham aktına əsasən Sümbülə Əliyeva müdir kimi həmin məsləhətxanada çalışan bütün vəkillərin məcburi sosial sığorta, gəlir vergisi, müqavilə və təyinatdan gələn pulları, həmçinin üzvlük haqqı pullarını digər şəxslərin iştirakları ilə mənimsəyib. Ona qarşı CM-nin 179.3.2 və 213.1ci maddəsi ilə ittiham irəli sürülüb. Amma konkret ziyan vurulduğu halda, istintaq haqqı pozulan vəkilləri, o cümlədən Məzahir Şahmarovu zərərçəkmiş şəxs kimi tanımayıb.
“Əsas pozuntulardan biri odur ki, mənə 16 min manat ziyan vurulduğu halda zərərçəkmiş şəxs qismində tanınmamışam. Mənimsəmə faktları 2013-2019 illəri əhatə etsə də, ittiham son 3 ilə görə verilmişdir. Qanun bu halda deyir ki, yeni ittiham irəli sürülməsi üçün iş prokurorluğa qaytarılmalıdır (CPM-nin 318.2). Mənimsəmə faktı tək şəxsə verilib, əslində isə burada bir qrup (mühasib, xəzinədar və s.) şəxsə ittihamı verilməlidir” – deyə vəkil vurğulayıb.
Məzahir Şahmarov qeyd edib ki, məhkəmədə təqsirləndirilən şəxs və şahidlərin bir qismi dindirilsə də, o hələ ifadə verməyib: “Çoxsaylı şikayətlər vermişəm, yuxarıdakı və digər qanun pozuntuları barədə. Əslində şahid kimi yox, zərərçəkmiş şəxs kimi ifadə verməliyəm. Hələlik bu barədə qərar yoxdur”.
Vəkil bildirib ki, aidiyyətı şəxslərə, prokurorluğa çoxsaylı müraciətlər olunsa da müraciətlər öz həllini tapmayıb: “Bu və digər hallar deməyə əsas verir ki, adı çəkilən təqsirləndirilən şəxs himayə olunmağı hələlik bacarır”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması gedir. Məhkəmə baylayan zaman – iyunun 14-də Sümbülə Əliyevanın barəsində həbs qətimkan tədbiri seçilib. İyunun 24-də Əliyevanın işi üzrə növbəti məhkəmə iclasında vəkili onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib və 10 günlük həbsdən sonra Əliyeva həbsdən buraxılıb.
Basta