Yeni bir məktəb forması almağa ehtiyac yoxdur
Avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahının təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, sentyabrın 15-dən dərslərin başlaması planlaşdırılır. Lakin o həmçinin qeyd edib ki, sentyabrın əvvəli yoluxma sayına baxaraq bu mövzu müzakirə edilə bilər.
Dərslər ənənəvi qaydada başlanarsa məktəbli formaların və məktəb ləvazimatların satılması təşkil olunacaq.
Görəsən, məktəbli formaların və ləvazimatların qiymətlərində dəyişiklik varmı? Məktəblilər ötən ilin formasını geyinə bilərlər?
Bakı Tikiş Fabrikindən Turana bildirilib ki, məktəbli formalarının qiymətlərində hər hansı dəyişiklik yoxdur. «2010-cu ildən məktəbli formaları hazırlanır və tikiş üçün materiallar Türkiyədən alınır. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. Tələbata uyğun olaraq kifayət qədər məktəbli forması hazırlanıb. 1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır».
Təhsil Nazirliyindən isə Turana bildirilib ki, yeni vahid məktəbli forması üçün geyim təsvirləri hələ təsdiqlənmədiyindən şagirdlər 2021-2022-ci tədris ilində əvvəl geyindikləri formanı geyinə bilərlər.
Məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazanın AzadlıqRadiosuna bildiriblər ki, ötən illə müqayisədə bu il qiymətlərdə ciddi bir fərq mövcud deyil və hətta pandemiyanın şəraitini və alıcılıq qabiliyyətini nəzərə alaraq endirimlər də edilir. Lakin alıcıların sayı o qədər də çox deyil. Ümumilikdə isə bir şagirdə məktəb ləvazimatları almaq üçün ən azı 80 manat pul lazım olacaq.
Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, orta təhsil müəssisələrdə şagirdlərin vahid məktəbli formasından istifadə etməsi sosial bərabərliyinin təmin etməsi üçün ən uğurlu bir addımdır. «Yeni formaların tədbiq edilməsinə ehtiyac yoxdur. Çünki valideynlər 2020-ci ildə formaları alıblar, lakin pandemiya səbəbindən heç kim demək olar ki, o formalardan istifadə edə bilməyib».
Ekspertin sözlərinə görə, bir şagirdin məktəbə getməsi 3 komponent üzrə hesablanır. «Birincisi, məktəbli formaların alınması. Hazırda məktəbli formasının tam komplekti 120 manatdır və ölçüsünə görə bu qiymət dəyişir. Bura ayaqqabı, çanta və çanta ləvazimatları daxil deyil».
O, qeyd edib ki, ikinci komponent məktəb ləvazimatlarıdır. «Onların qiyməti bir şagird üçün bir tədris ilinə 37-45 manat arası dəyişir. Üçüncü komponent isə üst geyimləri və ayaqqabıdır».
Əsədov vurğulayıb ki, ümumilikdə isə bir şagirdin məktəbə getməsi valideynə 270-350 manat arası başa gələ billir. «Pandemiya dövründə insanların gəlirləri və alıcılıq qabiliyyəti aşağı düşdü. Valideynlərin heç də hamısı yeni məktəbli çantasını, məktəb ləvazimatlarını ala bilmir».
Turan