Xankəndi (İkinci yazı)

Yayda nənəm Bakıdan bizə gələrdi. Gəlişi günlərimizi gur, şən edərdi. Qohum-əqrəba, qonum-qonşu onu görmək üçün bizə yığışar, yaxud da qonaq aparardılar. Ağdamdakı tay-tuşları nənəmi gah Ordubad qızı, gah da Tiflis gəlini çağırardılar. Bu sözləri ən çox qonşumuz Ağca xaladan eşitmişəm.

 

Ordubadda doğulan nənəmi valideynləri öldüyündən Tiflisdə yaşayan əmisi böyüdüb. Babamla da elə Tiflisdə tanış olublar, özü də “Leyli və Məcnun” operasında. Əmisi arvadı uzaqdan babamı göstərib “Əmin səni ona vermək istəyir” deyibmiş.

 

Nənəmin gəlin köçdüyü ev durur, uşaq vaxtı atam göstərmişdi mənə. Tiflisdə, keçmiş Şeytanbazar məhəlləsindədir.

 

Sonra Azərbaycana gəliblər. Babamgilin Şuşadakı mülklərini bolşeviklər əllərindən aldıqlarından Ağdamda yaşayıblar.

 

Nənəmin uşaqlıq xatirəsində Ordubaddakı həyətləri ərik ağaclarının çiçəkləyən halı ilə qalmışdı. Qəribədir, həyətimiz mənim də yadımda daha çox armud ağaclarının çiçəkləriylə qalıb.

 

Huşum getdi nənəmin şirin xatirələrinə. Xankəndidən danışırdım axı sizə.

 

Günəşli yay səhəriydi. Nənəm balkonda qaynatdığı samovar çayından içirdi. Mən də səhərin gözü açılar-açılmaz həyətdə diyircək sürürdüm. Bir də gördüm darvaza açıldı. Dayıcanı Vəzifə xala idi.

 

Vəzifə xala köklü-köməcli tiflisliydi. Nənəmin qardaşı İsmayıl dayı onunla Tiflisdə tanış olub evlənmişdi, sonra onlar da Ağdama köçmüşdülər. Atam dayısı arvadına “dayıcanı”, dayısına isə “İsmayıl bek” deyirdi. “Sonalar gölü”nün sahili” essesində balet azarkeşi o maraqlı kişidən bəhs eləmişəm. Qarabağın o vaxtkı halından, adamlarından xəbər almaq istəsəniz, oxuyarsınız.

 

Əlqərəz, nənəmlə nə haqdasa söhbət edirdilər. Birdən dayıcanı məni səsləyib “Stepanakertə gedirsən? Gəl səni də aparım, nənəndən icazə almışam” dedi. Onda Xankəndiyə Stepanakert deyirdik.

 

Həmin gün Xankəndiyə ilk səfərim oldu.

 

Ağdamdan Xankəndiyə uzun, sarı avtobuslar işləyirdi. Avtobusa Şuşa dayanacağında mindik. On-on beş nəfər olardı. Ermənilər bazarlıqdan qayıdırdılar. İlk dəfəydi yad dildə danışan adamlarla yol gedirdim. Əsgəranda bir neçə nəfər düşdü. Növbəti dayanacaq Xocalı idi. Qoca bir kişi yekə kisəni güclə çəkirdi, ağır idi yükü.

 

Vəzifə xalanın böyük oğlu Vasif əmi Xankəndidə işləyirdi. Moskvada təhsilini bitirib ayaqqabı fabrikinə təyinat almışdı. Mühəndis idi. Qapını Vasif əminin xanımı Kifayət xala açdı. O, şəhərin doğum evində həkim işləyirdi. Çox mehriban qadın kimi yadımda qalıb. Əvvəllər dadmadığım qəşəng bir şokolad verdi. Mən də şokoladı yeyə-yeyə balkondan aşağı baxırdım. Erməni uşaqları həyətdə oynaşırdılar.

 

Vəzifə xalanın gəliniylə nəsə söhbəti vardı. Başım çıxmasa da, nəsə ciddi söhbət olduğunu duyurdum. İndi ağlım kəsir ki, boşanma ərəfəsində oğlunun ailəsini xilas eləmək üçün gəlibmiş. Sonra Vasif əmi bu üzügülər qadından ayrılacaqdı.

 

Kifayət xalanın gəlişimizdən xəbəri yoxmuş, odur ki, tələsik yumurta-pomidor bişirdi. İkinci boşqabı da çəkəndə “doymuşam” dedim. Dayıcanı inad elədi: “Ye, qayıdanda nənən görsün ki, kökəlmisən”. Onda bir dəri, bir sümük idim. “Bir günə adam kökələr” sualıma verdiyi “Yaxşı yesə, kökələr” cavabına inanıb yedim.

 

Birlikdə şəhərə düşdük. Qəşəng bir parka gəldik. Kifayət xala bilet alıb məni karuselə mindirdi. Bu mənim ilk karusel macəram oldu.

 

Sonra o bizdən ayrılıb işə getdi. Həmin gün dayıcanı məni xeyli gəzdirdi. Neçə küçə, park dolaşdıq, mağazaya dəydik, mənə oyuncaq da aldı. Yorulanda bir ağacın altında oturub dondurma da yedik.

 

O gündən bu şəhərdən xoşum gəldi. Müharibə başlayanadək çox səfərim oldu ora. Yadıma gəlir, bir dəfə erməni dostları atamgili o vaxtlar SSRİ çempionatının ikinci dəstəsində oynayan yerli “Qarabağ”ın Rusiyanın hansına komandası ilə oyununa baxmağa çağırmışdılar. Nə dil töksəm də atam məni o oyuna aparmadı. Bir neçə il sonra “Qarabağ”ın “Neftçi” ilə yoldaşlıq görüşünə məhəlləmizin məndən yaşlı oğlanlarıyla getməyə də icazə verilmədi. Səbəbini sonralar bildim. Belə oyunlarda bizimkilərlə erməni azarkeşləri arasında dava düşə bilərmiş.

 

Niyə Xankəndidən yazıram!?

 

Baxıb görürəm ki, Rusiya yenə Qarabağ münaqişəsini qeyri-müəyyən vaxtacan dondurmaq istəyir. Adət eləyib, şəlpəsi işləməyəndə “don”u açıb münaqişəni qızışdırır, xalqları bir-birinə qırdırır. İstəyinə çatır, sonra da həllinə imkan verməyib təzədən dondurub sabaha saxlayır. Bilirəm, şimal ayısının Qarabağa pəncə qoyduğu 10 noyabr 2020-ci ildə mənim kimi çoxunuzun dalağı sancmışdı.

 

Özümüzü və bir-birimizi aldatmayaq, aldadanımız onsuz da çoxdur. Reallıq budur: Hikmət Sabiroğlu demişkən, 30 illik quyunun dibindən çıxıb minalanmış sahəyə düşmüşük. İndi, bax belə halımızdaca Rusiya Qarabağ problemini konservləşdirir. Bu isə o deməkdir ki, qanlı müharibə və rus boyunduruğu uzaq gələcəyə qədər bizimlədir.

 

Dediyim odur ki, davamız bitməyib, davam edir. Bu dəfə döyüşlər Xankəndi uğrunda gedəcək. Və bu döyüşləri hərə öz sahəsində – səngərində aparmalıdır. Yazı-pozu adamlarının işi də Qarabağın ermənilər yaşayan şəhər, qəsəbə və kəndlərinin bizə nə qədər doğma olduğunu yazıb, deyib, car çəkməkdir. Yəni Xankəndi susqunluğuna son qoymalıyıq. Elə erməniyə, rusa bizim Xankəndi barəsində susmağımız lazımdır, desinlər ki, buralar sizlik deyil. Xankəndiyə həsr etdiyiniz nə bir şeiriniz var, nə bir mahnınız, heç xatirəniz də yoxdur.

 

…Ən körpə Xankəndi xatirəmi danışmaqda qəsdim də elə bu idi.

 

Vahid Qazi

Sentyabr 2021