Moskva Bakı və Yerevandan təkliflərinə “tezliklə cavab” gözləyir

Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, Gorus-Qafan yolundakı son hadisələr göstərir ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya prosesinə tezliklə başlamalıdırlar.

 

“Biz Ermənistanla Azərbaycan arasındakı sərhədin ayrı-ayrı hissələrində vəziyyəti yaxından izləyirik. Vəziyyətin, o cümlədən Vorotan kəndi yaxınlığındakı inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və və daha sonra demarkasiya prosesinə tezliklə başlamağa ehtiyacın olduğunu təsdiq edir.

Rusiyanın bununla bağlı təklifləri həm Bakıya, həm də Yerevana təqdim edilib, biz gələcək kursun formalaşdırılması üçün tezliklə cavab gözləyirik”, – Mariya Zaxarova deyib.

Bir neçə gündür ki, Ermənistanın Gorus-Qafan avtomobil yolunun Azərbaycandan keçən hissəsində İran nömrəli yük maşınları saxlanılır və onlardan rüsum tələb olunur.

İki gün öncə Azərbaycan polisi bu yolda İrandan gələn iki yük maşının sürücüsünü saxlayıb.

Azərbaycan Daxili İşlər Nazirliyi bu sürücülərin “Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçdiyini” bildirib.

BBC