Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI

Ermənistanın Baş Prokurorluğunda müharibə zamanı yol veriılmiş qanun pozuntularının  araşdırılması üçün 2000-dən çox cinayət işi açılıb.

Bu cinayət işləri döyüş əməliyyatları üçün nəzərdə tutulmuş silah və partlayıcı qurğuların qaçaqmalçılığı və ya qəsb edilməsi, hərbi xidmətə çağırışdan yayınma, əmrlərə tabe olmamaq, xidmət yerindən qaçmaq, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmək, hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozmaq, xidmətə laqeyd yanaşmaq halları ilə bağlıdır.

Cinayət işlərinə Azərbaycan Ordusunun Şuşa şəhərinə qədər irəliləməsinin qarşısının alınmaması, Hadrut şəhərinin, Xocavənd rayonunun kəndlərinin əldən verilməsi də daxildir.

 

Hərbi əməliyyatlar zamanı komandirlərin yol verdiyi taktiki səhvlər, döyüşlərin idarə edilməsindəki özbaşınalıq halları da araşdırılan məsələlər sırasına daxildir.

Baş Prokurorluq eyni zamanda, itkin düşən, əsirlikdə olan hərbçilərin valideynlərinin aldadılaraq onlardan pul alınması, habelə dövlətə xəyanət halları ilə bağlı da istintaq araşdırması aparır.

 

Məlumata görə, artıq 800-dən çox şəxs təqsirləndirilən qismində istintaqa cəlb edilib. Onların arasında Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri də var.

 

Modern.az