Eldar Həsənov Avropa Məhkəməsinə şikayət edibmiş
Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş baş prokuror və səfir Eldar Həsənovun bu ilin fevralında göndərdiyi şikayəti araşdırmağa başlayıb.
Bu barədə hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, ərizəçi özəlliklə, Konvensiyanın 3-cü maddəsinə və Konvensiyanın 5-ci maddəsinin 1 (c), 3 və 4 -cü maddələrinə əsaslanaraq, həbsdə ona adekvat tibbi müalicənin təmin edilməməsindən, həbs-qətimkan tədbirinin əsassız seçilməsindən, barəsindəki həbs tədbirinə qərar verilmiş prosesin ədalətli olmamasından şikayət edir.
Buna görə hökumətə aydınlaşdırıcı suallar göndərilib.
1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb.
O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.
Həsənovun ittiham olunduğu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.