Güney Azərbaycanın Urmiya şəhərində daha 2 məhkum edam edilib
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 9 il əvvəl qətldə günahlandırılaraq həbs edilən 24 yaşlı məhkum Əli Əbdi, iyulun 27-də sübh saatlarında Urmiya şəhərinin zindanında dara çəkilib.
Digər məhkum Əmir Hüseyn Qəhrəman isə 5 il əvvəl həyat yoldaşını qətlə yetirməkdə günahlandırılaraq həbs edilmişdi. 24 yaşlı Qəhrəman da bu gün səhər saatlarında Urmiya zindanında dara çəkilib.
Edamlar barədə hələlik İranın rəsmi KİV-ləri tərəfindən hər hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. İnsan haqları qruplarının bildirdiyinə görə, 2019-cu ildə İranda azı 248 edam hökmü tətbiq edilib. İran rəsmiləri edamların sadəcə 75 faizi haqqında məlumat veriblər. Digər edamlar gizli şəkildə həyata keçirilib.