GündəmManşet

Əli Kərimlidən ittihamlara cavab

 

AXCP sədri Əli Kərimli ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd ittihamlarının saxta olduğunu bildirir.

O, barəsindəki cinayət işinə xitam verilməsi tələbilə məhkəməyə təqdim etdiyi vəsatətin üçüncü hissəsində ittihamın “Saleh Rüstəmli işi” və Moskvada yaşayan Elşən Kərimovla bağlı epizodlarını şərh edib.

Əli Kərimli qeyd edir ki, 2016–2018-ci illərdə Rusiyada yaşayan Saleh Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə ona bir neçə dəfə, ümumilikdə təxminən 6-10 min dollar göndərib. Bu vəsaitin siyasi məhbus ailələrinə yardım və vəkil xərcləri üçün istifadə olunduğunu bildirən AXCP sədri istintaq zamanı işgəncə altında alınmış ifadələrlə pulun məbləğinin 411 min dollara qədər artırıldığını yazır.

Kərimli ikinci ittiham epizodunu da təkzib edir. İstintaqın iddiasına görə, o, Moskvada yaşayan Elşən Kərimovdan Məmməd İbrahim vasitəsilə 46 400 dollar alaraq dövlət hakimiyyətini zorla ələ keçirmək planının maliyyələşdirilməsinə yönəldib.

AXCP sədri Elşən Kərimovu tanımadığını, ondan pul almadığını və bu iddianı təsdiqləyən heç bir sübutun olmadığını bildirir. Onun sözlərinə görə, Elşən Kərimov əvvəlki ifadələrində cəbhəçilərin müalicəsi və siyasi məhbus ailələrinə yardım üçün kiçik məbləğlər topladığını deyib. Lakin sonradan DTX təcridxanasına köçürüldükdən 28 gün sonra əvvəlki ifadələrinə zidd olaraq 46 400 dollar barədə ifadə imzalayıb.

Kərimli həmin ifadənin təzyiq və təhdidlər nəticəsində alındığını yazır. O, bu epizod üzrə AXCP funksioneri Məmməd İbrahimin də əsassız şəkildə ittiham olunduğunu vurğulayır.

AXCP sədri öz həbsini siyasi fəaliyyəti ilə əlaqələndirərək bildirib ki, apardığı mübarizə İlham Əliyevi ciddi narahat edir və dövlət başçısının onun uzunmüddətli, hətta daimi təcrid olunması ilə bağlı göstəriş verdiyini düşünür.

“Bəli, mən də cinayət törətməmişəm və şərlənmişəm. Lakin mən bilirəm ki, müxalifət partiyasının lideri və beynəlxalq aləmdə tanınmış bir şəxs olaraq siyasi fəaliyyətim, apardığım, təşkil elədiyim siyasi mübarizə şəxsən dövlət başçısı İlham Əliyevi çox narahat edir”, – deyə Əli Kərimli yazıb.

Basta