ManşetSiyasət

Yalta-45 və Şençjen-26: fərq nədədir?

 

Mustafa Hacıbəyli

Donald Tramp, Vladimir Putin və Si Cinpinin görüşünü 1945-ci il Yalta konfransı ilə müqayisə edirlər. Xüsusən Rusiyada bu müqayisəyə xüsusi maraq göstərilir. Belə bir təsəvvür yaratmağa çalışırlar ki, üç böyük dövlətin lideri bir araya gələcək, dünyanın gələcək taleyini müəyyənləşdirəcək, yeni dünya düzəni yaradacaq və təsir dairələrini yenidən bölüşdürəcək.

Məncə, bu, tamamilə yersiz müqayisədir. Yalta konfransının tarixi əhəmiyyətini üç dövlət başçısının bir masa arxasında oturması deyil, həmin vaxt dünyada yaranmış hərbi-siyasi reallıq müəyyən edirdi. İndi reallıq fərqlidir.

1945-ci il fevralın 4-11-də Yaltada Stalin, Ruzvelt və Çörçill görüşərkən nasist Almaniyasının məğlubiyyəti artıq zaman məsələsi idi. Şərqdə Sovet ordusu, Qərbdə isə ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi müttəfiq qüvvələr Avropanın içərilərinə doğru sürətlə irəliləyirdilər.

Bir neçə ay ərzində Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Yunanıstanda nasizmin mövqeləri darmadağın edilmişdi. 1945-ci ilin yanvarında tərkibində ukraynalıların, azərbaycanlıların, özbəklərin və digər xalqların qəhrəman əsgərlərinin də olduğu sovet ordusu Varşavanı, Krakovu, Budapeşti azad etdi.

Qərbdə isə ABŞ, Britaniya və Kanada qoşunları qısa müddətdə La-Manş boğazını keçərək Normandiyaya çıxmışdılar. 1944-cü ilin sonunadək Fransanın demək olar ki, hamısı, Belçika və Niderlandın əsas hissəsi nasist işğalından azad edilmişdi.

Yəni Yalta konfransında masaya oturan dövlətlərin arxasında Avropanın hərbi xəritəsini faktiki olaraq dəyişmiş, nasist Almaniyasının məğlubiyyətini təmin etmiş nəhəng ordular dayanırdı. Onlar təkcə sülh haqqında danışmır, dünyanın siyasi sərhədlərini öz hərbi qələbələri ilə müəyyənləşdirirdilər.

İndi vəziyyət tam başqadır.

Rusiya Ukraynada bir şəhəri və ya qəsəbəni ələ keçirmək üçün aylarla, bəzən illərlə döyüşür. Rus ordusu son dəfə az-çox əhəmiyyət kəsb edən uğurunu Baxmutda qazanıb və bu, üç il əvvəl – 2023-cü ilin mayında baş verib.

Bir vaxtlar müttəfiq orduları Reyn, Oder və Elba kimi böyük çaylarını ildırım sürəti ilə keçirdilər. Bu gün isə ABŞ administrasiyası İranla müharibədə Hörmüz boğazını belə nəzarətə götürə bilmir.

Qəribə durum yaranıb: ABŞ Ukraynaya, Rusiya isə İrana dəstək verir. Bu, artıq onların münasibətlərinin nə qədər mürəkkəb və ziddiyyətli olduğunu göstərir.

Belə bir vəziyyətdə bu dövlətlərin başçıları dünya düzənini necə müəyyən edə bilər? Nəinki başqa xalqların taleyini, heç öz aralarındakı əsas ziddiyyətləri belə həll etmək imkanında deyillər. Ukrayna Trampın istəyi ilə Rusiyaya təslim olmayacaq. İran da Kremlin istəyi ilə ABŞ qarşısında diz çökməyəcək. Bu xalqların taleyi üç liderin şəxsi sövdələşməsindən asılı deyil. Onların öz iradəsi, dövlət maraqları və müqavimət imkanları var.

Bu görüşün, olsa-olsa simvolik əhəmiyyəti olacaq, dünya düzəninə təsir etməyəcək.

Tramp üçün bu görüş, hər şeydən əvvəl, böyük siyasi şoudur. Rusiya və Çinin rəhbərləri ilə eyni masa arxasına oturmaq Amerikada istənilən milyarder üçün (siyasətçi üçün yox) prestijdir.

Putin üçün isə bu sammitin əhəmiyyəti başqadır: törətdiyi hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı ilə üzləşən, beynəlxalq aləmdə təcrid edilməli olan bir dövlət başçısının yenidən ABŞ prezidenti və Çin rəhbəri ilə eyni sammitdə iştirak etməsi. Bu, onun üçün siyasi legitimlik və diplomatik təcriddən çıxış görüntüsüdür.

Si Cinpin isə Çinin ABŞ və Rusiya ilə eyni səviyyədə müzakirə masasında təmsil olunmasından, ölkəsinin qlobal güc mərkəzi kimi qəbul edilməsindən faydalanır. Pekin üçün bu görüş həm də Çinin beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanıdır.

Amma bunların heç biri yeni Yalta demək deyil.

1945-ci ildə müharibənin qalibi olan dövlətlər yeni dünya düzəninin əsaslarını müəyyənləşdirirdilər. 2026-cı ildə isə bir-biri ilə oyun oynayan, müxtəlif cəbhələrdə qarşıdurmaya girən və ciddi daxili problemlərlə üzləşən dövlət başçılarının görüşündən söhbət gedir. Onların dünyanın qalan hissəsinin taleyini müəyyənləşdirəcək gücə malik deyil.

Amerika xalqı və onun demokratik institutları gec-tez öz dövlətinin idarəçiliyini yenidən tam nəzarətə götürəcək. Trampın hakimiyyəti sona yaxınlaşır. Putin isə Ukraynaya qarşı başladığı işğalçı müharibənin bədəlini təkcə özü deyil, Rusiya xalqı da hələ uzun illər ödəyəcək.