Obyekti sökülən şikayətçi Ali Məhkəmədən ədalət gözləyir

“Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlardan çox danışılır, amma bu təbliğata baxmayaraq, mən məhkəmə yolu ilə öz pozulan hüquqlarımı bərpa edə bilmirəm”. Bunu redaksiyamıza şikayətlə müraciət edən Həsənov Şövqi Fikrət oğlu deyib.

 

Şövqi Həsənov bildirib ki, onun kupçalı obyektini – mağazasını özünün razılığı olmadan söküblər. Orada olan dəyərli əşyalar da oğurlanaraq talan edilib.

 

Şikayətçi redaksiyamıza onun mülkiyyət hüququnun açıq şəkildə pozulduğunu isbat edən bir sıra sənədlər təqdim edib. Məsələn, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirdiyi araşdırma nəticəsində müəyyən edilib ki, Şövqi Həsənovun mülkəyətində olan Nəsimi rayonu, Mirqasımov küçəsi 10 ünvanında yerləşən mənzil “Pilot” layihə adı altında “Azadlıq Residence” tərəfindən mülkiyyətçinin razılığı olmadan sökülüb. Yeri gəlmişkən, bu araşdırma Prezident Administrasiyası tərəfindən verilən tapşırıq əsasında həyata keçirilib.

Adı çəkilən Komitənin 14 mart 2019-cu il tarixli sənədində qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02 2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci və 1.3-cü bəndlərinin tələbləri yerinə yetirilmədən, mülkiyyətçinin razılığı olmadan mənzilinin sökülməsi nəticəsində, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur (sənəd yazıya əlavə olunur).

 

Şövqi Həsənovun haqlı olduğunu göstərən məhkəmə qərarları da var:  “Mənim şikayətim əsasında Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı qəbul edilmiş 16 aprel 2019-cu il tarixli qətnamə ilə Nəsimi rayon Məhkəməsinin məhkəmə qətnaməsi ləğv edilərək mülkiyyət hüquqlarım qorunub. Hətta Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində də ”Azadlıq Residence” MMC-nin şikayət vermək üçün subyektiv hüquq yaranmayıb. Ali Məhkəmənin Mülki Kollegiyası 30 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsi qüvvədə qalıb və mənim mülkiyyət hüququm qorunub. Bütün bunlara baxmayaraq, “Azadlıq Residence” çıxarılan məhkəmə qərarlarını icra etməyib”.

 

Şövqi Həsənov məhkəmə çəkişmələrini bundan sora da davam etdirib. Noyabrın 18-də Ali Məhkəmədə hakim Vüqar Həsənovun sədrliyi ilə onun şikayəti üzrə növbəti məhkəmə keçiriləcək.

 

Bəs Ali Məhkəmə nə qərar verəcək? Prosesi izləyəcəyik. Məsələ ilə Bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə etdiyimiz sorğuya hələlik cavab verilməyib. “Azadlıq Residence”nin mövqeyini öyrənmək mümkün olmayıb.

 

 

 

Basta