ABŞ-dan Azərbaycanın da adı keçən “Pegasus” casus proqramı istehsalçısı ilə bağlı qərar
ABŞ Azərbaycanda da istifadəsi iddia olunan “Pegasus” casus proqramı istehsal edən şirkətlə ticarəti dayandırıb.
Birləşmiş Ştatlar mobil telefonlar üçün olan “Pegasus” casus proqramlarını istehsal edən İsrail NSO Group şirkətini qara siyahıya salıb.
Bu ilin iyulunda “Pegaus” proqram təminatı vasitəsilə bəzi ölkələrin fəalları və jurnalistlərin izlənməsi üçün istifadə edildiyi üzə çıxıb.
Azərbaycanda da onlarla jurnalist, hüquq müdafiəçisi, vəkil və siyasi fəallara qarşı casus proqramından – “Pegasus”dan istifadə olunduğu iddia edilir.
Azərbaycan hakimiyyəti indiyə kimi bu məsələni şərh etməyib, hakim partiya mənsubu Aydın Mirzəzadə BBC News Azərbaycancaya açıqlamasında bu iddianı şübhə altına alıb.
ABŞ-ın NSO Group-un qara siyahısına salınması o deməkdir ki, bu şirkətlə hər hansı işgüzar əlaqə qadağan edilir.
NSO Group isə verdiyi açıqlamada bu qərardan “dəhşətə gıldiklərini” bildirib və onların texnologiyasının “ABŞ-ın milli təhlükəsizliyini terror və cinayətdən qoruduğunu” vurğulayıb.
Şirkət uzun müddətdir ki, öz proqram təminatını dünyada insan haqları sahəsində yaxşı təcrübəsi olan ölkələrlə əməkdaşlıq etdiyini açıqlayıb.
Buna baxmayaraq, bu ilin əvvəlində mediada yayılan xəbərlərdə şirkət öz texnologiyasını avtoritar hökumətlərə satmaqda ittiham olunub.
ABŞ Ticarət Departamenti bildirib ki, onların bu qadağa qərarı şirkət tərəfindən istehsal edilən casus proqram təminatının xarici hökumətlərin rəsmilər, jurnalistlər, iş adamları, fəallar, elm adamları və səfirlik əməkdaşlarına qarşı istifadə edildiyinə dair sübutlara əsaslandıb.
Pegasus iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
BBC