Siqaret, spirtli içki və bəzi maşınlar bahalaçacaq – hökumət aksiz dərəcələrini artırır
Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 38.5 manat olması müəyyən olunur.
Bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 35 manat idi.
Layihəyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır.
Layihəyə əsasən, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq minik avtomobillərinə görə aksiz dərəcələri də artırılır. Məsələn, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 min 600 manat+mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz vergisi tətbiq etmək təklif olunur. (Hazırda 53 min 600 manat+5000-dən artıq hər kubsantimetrə görə 70 manat aksiz ödənilir). Yeni aksiz dərəcələrinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bu gün, noyabrın 3-də layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Orada qeyd edilib ki, təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir.
Layihədə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir. Həmçinin, istehsalı 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı, satışının 2022-ci il yanvarın 1-dən 3 il ƏDV-dən azad edilməsi nəzərdə tutulur.