Bakıda Zəfər yürüşü

Bu gün Bakıda Zəfər Günü yürüşü keçirilib.

Azərtacın məlumatına görə, Zəfər yürüşü Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək istiqamətlənib.
Yürüşün önündə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını aparıblar.

 

Məlumata görə, yürüşü süvari dəstəsi müşayiət edib və hərbi orkestrlərin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.

 

Zəfər Günü yürüşü başa çatıb və tədbirin keçirildiyi ərazilər nəqliyyatın hərəkəti üçün açılıb.
2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb, Qarabağ və Laçın dəhlizinə rus sülhməramlıları yerləşdirilib.

 

Ötən il noyabrın 10-da müharibənin bitməsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatla elan olunub. Lakin son 12 ay ərzində 10 noyabr bəyannaməsinin nəzərdə tutduğu kommunikasiyaların açılması ilə bağlı məsələ hələ də mübahisələr mövzusu olaraq qalır.

 

Ötən il ərzində tərəflər arasındakı sərhədlərdə atışma ilə müşayiət olunan gərginlik müşahidə olunub. Buna baxmayaraq bəzi təhlilçilər hesab edir ki, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib və bu, yeni əməkdaşlıq perspektivlərini açır.

 

Bəzi siyasi şərhçilər isə, əksinə – ötən aylar ərzində heç bir ciddi irəliləmənin olmadığını deyirlər. Onlar qarşılıqlı etimad səviyyəsinin əvvəlki kimi aşağı səviyyədə qaldığını, cəmiyyətlərin sülhə hazırlanmadığını qeyd edirlər.

 

Müharibənin başa çatmasının ilk ildönümündə Moskva və Ankaranın bölgədəki geopolitik oyunlarda rolları təhlil olunur. Hesab olunur ki, hər iki ölkə bu və ya digər şəkildə müharibədən sonra öz hərbi və diplomatik mövqelərini möhkəmləndirmiş oldu. Bu, Rusiyanın Qarabağda sülhməramlı qüvvə ilə mövcud olması, Türkiyənin isə rus-türk birgə monitorinq mərkəzində təmsil olunması və Azərbaycanla daha sıx əlaqələr qurması ilə izah olunur.

 

Bu həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin videokonfrans formatında üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfaks agentliyinə təsdiqləyib.

 

BBC