Azərbaycan ordusu Qarağöl yaxınlığında “mühasirəyə aldığı 60-a yaxın erməni hərbçinin geri dönməsinə şərait yaradıb”

“Ermənistan Azərbaycanla dövlət sərhədinin Laçın rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd göstərib”.

 

Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Qaragöl istiqamətində təxminən 60 erməni hərbçisi mühasirəyə alınsa da, sonradan Rusiyanın xahişi ilə onların geri dönməsinə şərait yaradılıb.

 

“Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb”, – Azərbaycan MN-in çərşənbə günü yaydığı açıqlamasında deyilir.

 

“Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb”, – Azərbaycan MN-i bildirib.

 

Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, “buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa”, görüləcək tədbirlər “daha sərt və təsirli” olacaq.

 

“Azərbaycan ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – bəyanatda qeyd olunub.

 

“Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – nazirlik vurğulayıb.

 

BBC-nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərinin mühasirəyə alınması barədə xəbərləri təkzib edib.